Düşüncə perspektivi


Bir-birindən gözəl gülləri olan bir bağçada şikayət etmək mümkün olduğu kimi, şükür etmək də mümkündür. Çünki güllər arasında tikanı yaratdığı üçün Allaha şikayət edə bildiyimiz kimi, tikanlar arasında gülü yaratdığı üçün Allaha şükür də edə bilərik.
Odur ki, ətrafımızdakılara baxıb məyus olmaq da, sevinmək də öz əlimizdədir. Necə deyərlər, əsas məsələ hara baxmaq yox, necə baxmaqdır. Elə isə əşya və hadisələrə necə baxmaq lazım olduğunu bilsək, zahirən çoxlarına çirkin görünən şeylərdə də saysız-hesabsız gözəlliklər görə bilərik. Çünki hər şey ya birbaşa, ya da nəticə etibarı ilə gözəldir.
Ancaq bu gözəllikləri görə bilmək üçün insan bəzi xüsusiyyətlərə malik olmalıdır. Səbir də, uzaqgörənlik də, nikbinlik də bu xüsusiyyətlərdəndir.
Yarısına qədər boş olan bir stəkan üçün “yarısına qədər boşdur” demək mümkün olduğu kimi, “yarısına qədər doludur” demək də mümkündür. Ən əsası isə Uca Allahın kainatda heç bir şeyi boş yerə yaratmadığını və hər şeyə bir vəzifə verdiyini unutmamalıyıq. Elə isə əşya və hadisələrə ibrətlə baxa bilsək, onların Uca Allahın isimlərini tərənnüm etdiyini görərik.
Əgər ətrafımızdakı gözəllikləri görə bilmiriksə, müəyyən şablonlar daxilində düşünməkdən əl çəkməli, bunun üçün də, baxış bucağımızı dəyişməliyik. O vaxt güllərin arasındakı tikanları yox, tikanların arasındakı gülləri görər, həyatımızda kəşf edilməmiş nə qədər gözəlliklərlə qarşılaşarıq.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top