
Belarusdan Rusiyaya benzin idxalı 2026-cı ilin iyun ayında tarixi maksimuma çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti Qiymət İndeksləri Mərkəzinin (CPI) hesabatına istinadla məlumat yayıb.
Bildirilib ki, 1-25 iyun tarixləri arasında Belarusdan Rusiyaya 141 min ton benzin idxal edilib ki, bu da may ayının bütün göstəricisindən təxminən iki yarım dəfə çoxdur.
Ötən ilin iyun ayında isə idxal həcmi cəmi 1000 ton olub.
CPI-nin məlumatına görə, Belarus əvvəllər Orta Asiya ölkələrinə göndərilən yanacağın bir hissəsini Rusiyaya yönləndirib. Bundan əlavə, ilin əvvəlindən bəri Belarus benzininin Rusiya ərazisindən tranziti 196 min tondan 24 min tona qədər azalıb.
Qəzetə müsahibə verən ekspertlərin fikrincə, idxalın artması Rusiya yanacaq bazarındakı böhran vəziyyətini bir qədər yüngülləşdirəcək, lakin benzin çatışmazlığını tamamilə aradan qaldırmayacaq.
Xatırladaq ki, Ukraynanın dronlar vasitəsilə Rusiyanın enerji resurslarına qarşı keçirdiyi genişmiqyaslı əməliyyatlar bu ölkədə ciddi enerji böhranına səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz