
Rusiyanın ən böyük iş elanı platforması “HeadHunter” Moskva səmasının qorunması üçün pilotsuz uçuş aparatı (PUA) operatorları axtardığını elan edib.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, elanda namizədlərdən əvvəlki iş təcrübəsinin tələb olunmadığı bildirilib.
Qeyd olunur ki, namizədlər paytaxtın təhlükəsizliyini müasir texniki həllər və müşahidə sistemləri vasitəsilə təmin edən “Döyüş Ordu Ehtiyat Qüvvələri” adlı könüllü bölmə üçün axtarılır.
“Şəhər mühitinin qorunması üçün nəzərdə tutulmuş yüksək texnologiyalı avadanlıqlarla işləyəcəksiniz”, - vakansiyada qeyd olunur.
İş öhdəliklərinə PUA-ların uçuşa hazırlanması və idarə edilməsi, kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsi, həmçinin gündüz və gecə saatlarında məlumat toplamaq məqsədilə uçuşların həyata keçirilməsi daxildir.
Namizədlərdən yalnız əsas texniki bacarıqlara malik olmaları və bu sahədə inkişaf etmək istəyi tələb olunur. Bununla belə, aylıq 150 min rubldan (təxminən 1 950 ABŞ dolları) başlayan əməkhaqqı Moskva üzrə orta əməkhaqqıdan (200 min rubldan çox) aşağıdır.
İşəgötürənlə bağlı rəylərdən birində özünü “Aparıcı müfəttiş” kimi təqdim edən istifadəçi yazıb:
“Əla və mehriban kollektiv, inkişaf üçün geniş imkanlar, müsbət korporativ mədəniyyət və rəhbərlik tərəfindən dəstək təklif edirik. Maaş iş nəticələrindən asılıdır, buna görə də qazancınızı artırmaq mümkündür”.
Tətbiqimizi yükləyə bilərsiniz