Paşinyan konstitusiyanın dəyişdirilməsindən danışdı – Sülh üçün əsas şərtdir


“Ermənistanda yeni Konstitusiyanın qəbulu məsələsi parlament çoxluğunun gündəmində qalır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə vətəndaşlara ünvanladığı təbrik müraciətində bildirib.
O qeyd edib ki, Konstitusiya yalnız hüquqi nizamı müəyyən etməməli, həm də suverenliyin daşıyıcısı olan xalqla üzvi bağlılığa malik olmalıdır.
Baş nazirin sözlərinə görə, Konstitusiya yalnız vətəndaşların azad iradəsi əsasında qəbul edilməlidir və bu, dövlətin dayanıqlı inkişafı üçün əsas şərtdir:
“Ermənistan müstəqillik əldə etdikdən sonra bu prinsip ciddi şəkildə pozulub. Nəticədə vətəndaşlarda hüquqi nizamın məhz onların iradəsindən qaynaqlandığı hissi formalaşmayıb. məhz bu əlaqənin olmaması dövlətin uzun müddət vətəndaşlar tərəfindən onların təhlükəsizliyini, azadlığını və rifahını təmin edən bir vasitə kimi qəbul edilməməsinə səbəb olub”.
Xatırladaq ki, 2026-cı ilin martında Ermənistanın ədliyyə naziri Srbui Qalyan yeni Konstitusiya layihəsi üzərində işin başa çatdığını açıqlamışdı. O, sənədin mart ayının sonunadək dərc ediləcəyini bildirsə də, bu baş verməyib.
Daha əvvəl Nikol Paşinyan bəyan etmişdi ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar yer almamalıdır. Onun sözlərinə görə, bu cür müddəalar regional sabitlik üçün risk yarada bilər.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı dəfələrlə Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini iki ölkə arasında sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri kimi göstərib.

DİGƏR XƏBƏRLƏR

Top