
Əgər sağlamlıq yoxdursa, təbii ki, gözəllikdən danışmaq da qeyri-mümkündür. Odur ki, orqanizmdə hər hansı bir dəyişiklik baş verdikdə bu, özünü ilk növbədə dəridə göstərir. Elə buna görə də, çox vaxt dərini həyatın aynası adlandırırlar. Əgər dərinin sağlamlığından söhbət gedrisə, onun da “səsini dinləmək” lazımdır. Təbii ki, bu məsələdə ilk işimiz dərini qorumaq olmalıdır.
Dərini qorumaq üçün...
- Çox su için.
- Dərinizi təmiz saxlayın.
- İdmanla məşğul olun.
- Yemək rejiminizə diqqət yetirin.
- Yuxu rejiminizə diqqət yetirin.
- Zərərli günəş şüalarından uzaq olun.
- Siqareti və alkoqolu unudun…
Dərini qorumaq üçün qızıl qaydalar
- Dəri üçün bir nömrəli problem zərərli günəş şüalarıdır: Buna görə də, ilk növbədə, günəşə qarşı çox diqqətli olun. Həmçinin, dərinin vaxtından tez yaşlanmasında da günəşin zərərli şüalarının rolu böyük olduğunu unutmayın.
- Günəş gözlüyü taxın: Zərərli şüalardan qorunmaq istəyirsinizsə, fəsildən aslıl olmayaraq günəş gözlüyündən istifadə edin.
- Təbəssüm etməyi vərdişə çevirin: Gülmək çox gözəl üz gimnastikasıdır. Əmin olun, heç bir kosmetika sizi təbəssümdən çox gözəlləşdirə bilməz.
- Qaşlarınızı çatmayın: Çatılmış qaşlar insanda pis əhvali-ruhiyyə yaratmaqla yanaşı, alında vaxtından əvvəl qırışların əmələ gəlməsinə səbəb olur.
- Özünüzü stresdən qoruyun: Yəqin soruşacaqsınız ki, necə? Əslində, bu suala siz özünüz də cavab tapa bilərsiniz. Sadəcə olaraq, bunu istəmək lazımdır.
- Düzgün qidalanmağa çalışın: Mümkün qədər bol meyvə-tərəvəz, balıq və paxlalı bitkilər yeyin. Salat və yeməklərdə zeytun yağından istifadə edin.
- Yaxşı yatın: Dəridə yeni hüceyrələr əsasən gecə yatarkən əmələ gəlir. Havası təmiz bir otaqda rahat yuxunun fərqini səhər güzgüdə də görə bilərsiniz. İnanın, bunun üçün hər şeyə dəyər. Hətta gecə bitki çayları içməyə də, hər gecə tez yatmağa da, qorxulu filmlərdən imtina etməyə də, həyəcanlı romanlardan uzaq olmağa da...
- Çəkinizi qoruyun: Dəri çəki artdıqca dartılır, azaldıqca boşalır. Bu isə tədricən dərinin elastikliyini itirməsinə səbəb olur.
- Çirkli hava: Şəhərdə yaşamaq həm də çirkli hava ilə nəfəs almaq deməkdir. Təbii ki, dərimiz də bu çirkli havadan öz payını alır. Təbiətin qoynunda olmağa nə qədər çox vaxt ayırsanız, dərinizi o qədər çox mükafatlandırmış olarsınız.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz