
Uşaqlı ailələr üçün səfərə çıxmaq şən və əyləncəli olmaqla yanaşı, yorucu və cansıxıcı da ola bilər. Bəs bunun qarşısını necə almaq olar? Təbii ki, bunun üçün, ilk növbədə, uşağın yaşına görə davranışlarını bilməli və yola çıxmazdan əvvəl hər şeyi ciddi şəkildə planlaşdırmalısınız. Tətilinizi harada keçirəcəyiniz barədə qəti qərara gəldikdən sonra növbə ora necə getməyə çatır. Böyük uşaqlar üçün uzun müddət avtomobildə və ya avtobusda səfərə çıxmaq o qədər problem olmasa da, eyni şeyi 2 yaş və aşağı uşaqlar üçün demək mümkün deyil. Buna görə də, 2 yaş və aşağı uşaqlarla səfərə çıxarkən təyyarəyə üstünlük vermək məsləhətdir.
Təyyarədə uçarkən...
Əgər ayrı bir oturacaqda oturmurlarsa, 2 yaş və aşağı uşaqlar təyyarədə pulsuz uça bilərlər. Ancaq təhlükəsizlik nöqteyi-nəzərindən atanın və ya ananın qucağında səfərə çıxmaq o qədər də məsləhət deyil. Başqa bir məsələ isə təyyarədə yer seçməklə bağlıdır. Çünki uşaqlı ailələrdə nəqliyyat seçmək qədər yer seçmək də çox vacibdir. Buna görə də, hər şeydən əvvəl giriş-çıxış baxımından rahat olan yerlərə üstünlük vermək lazımdır. Bu nöqteyi-nəzərdən dəhlizə yaxın yerləri seçmək daha əlverişlidir. Başqa bir variant isə ehtiyat çıxış qapılarının arxasındakı yerlərdir. Əlbəttə ki, daha geniş hərəkət imkanı olduğu üçün...
Yanınızda götürmək üçün...
Həm uçuş vaxtı, həm də uçuşdan sonrakı vaxt üçün 24 saat ərzində sizə lazım olan hər şeyi yanınızdakı çantaya qoymalısınız. Bu siyahıya sendviç tipli yeməkləri, ehtiyat paltarları, uşaq bezlərini, uşaq əmziklərini (xüsusilə də, təyyarə qalxarkən və ya enərkən qulaq ağrılarını azaltdığı üçün), kitabları, oyuncaqları, dərmanları (dərmanlar üçün ayrıca çanta götürsəniz, daha yaxşı olar) və s. daxil etmək olar. Digər tərəfdən, əgər uşağınız qulaq iltihabı və ya qulaq əməliyyatı keçirmişsə, iki həftədən tez təyyarəyə minməyin. Əlbəttə ki, eyni şeyi tənəffüs yollu xəstəlikləri üçün də demək olar.
Avtomobildə gedərkən...
Avtomobillə səfərə çıxan ailələrdə əsas məsələ böyüklər üçün təhlükəsizlik kəmərlərindən, kiçiklər üçün isə xüsusi oturacaqlardan istifadə etməkdir. Əgər uşağınız uzun yola alışmamışsa, onu alışdırmaq üçün qısa səfərlər təşkil etmək olar. Səfər zamanı uşaq darıxmasın deyə, onunla söhbət edə, yol haqqında məlumat verə, nağıl (və ya hekayə) danışa bilərsiniz. Digər tərəfdən, təhlükəsizliyini qorumaq üçün uşağınızın tez-tez oturacaqdan düşməsinə icazə verməyin.
Yola bir həftə əvvəldən hazırlaşın
Yola bir həftə əvvəldən hazırlaşmağa başlayın. Məsələn, bunun üçün ilk növbədə özünüzlə götürəcəyiniz əşyaların siyahısını tutun. Təqribən təyyarə ilə səfərə çıxmaq üçün hazırladığınız çantaya uyğun bir çanta hazırlayın. Hətta mümkünsə, yolda fasilə verəcəyiniz yerləri də əvvəlcədən müəyyənləşdirin. Oteldə əvvəlcədən yer ayırmaq və hava şəraiti ilə tanış olmaq isə sizi gözlənilməz sürprizlərdən qoruya bilər.
Uşaqlar avtomobildə 6 saatdan artıq qalmırlar...
Əgər uşaqla yola çıxmısınızsa, fasiləsiz avtomobil sürməyə cəhd etməməli və uşaqların 6 saatdan artıq avtomobildə qala bilmədiklərini unutmamalısınız. Uşağınızın rahatlığı üçün yola səhər tezdən çıxın. Tez-tez fasilə verin və fasilə zamanı uşağınızla oynayın. Bir də unutmayın ki, arxada mütləq bir nəfər uşağın yanında oturmalıdır. Əgər uşağınız avtomobildə yata bilirsə və bir də özünüzə inanırsınızsa, gecə səfərlərini də nəzərə tuta bilərsiniz. Bir məsələ də, səfər zamanı uşağa qarşı təmkinli və səbirli olmaqdır.
Uşağınız yolda darıxmasın deyə...
Uşağınızın ən sevdiyi oyuncaqları özünüzlə götürün. Hətta bunun üçün hazırlanmış xüsusi oyuncaqlar olduğunu da unutmayın. Bundan başqa, uşaqlar üçün audiokitablar və ya videooyunlar da çox işinizə yaraya bilər. Digər tərəfdən, öz mahnılarınızı və ya səslərinizi də yazaraq olduqca şən vaxt keçirə bilərsiniz. Əgər uşağınızın yaşı uyğundursa, rəngli kağız və rəngli qələm də sizə rahat nəfəs almağa imkan verə bilər. Bir şeyi də unutmayın ki, uşaqların diqqətlərini cəlb etmə müddətləri məhduddur. Buna görə də, bir oyuncaq, bir audio və ya bir oyun onların diqqətini saatlarla cəlb etməyə bilər.
Uşağınızı maşın tutursa...
Əgər uşağınızı maşın tutursa, səfərdən əvvəl ona yüngül yeməklər yedirməli, yüngül paltarlar geydirməli və arxa oturacaqda oturtmalısınız. Bundan başqa, uşaq mümkün qədər yola baxmalı, oxumaq, oynamaq və s. kimi başqa işlər görməməlidir. Avtomobilə təmiz hava girsin deyə, arabir avtomobilin pəncərəsini açın. Lazım gəlsə, həkiminizin məsləhət gördüyü ürəkbulanmaya qarşı dərmanlardan istifadə edin.
Aygwn Vəliyeva
Tətbiqimizi yükləyə bilərsiniz