
Avropa İttifaqı Şurası Aİ-nin epibatidin toksini də daxil olmaqla, kimyəvi silahların hazırlanması və yayılması ilə əlaqələndirdiyi altı Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, bu maddə Aleksey Navalnının Rusiya cəzaçəkmə müəssisəsində ölümündən sonra bədənindən götürülmüş nümunələrdə aşkar edilib və bu da onun bu maddə ilə zəhərlənmə ehtimalının yüksək olduğu qənaətinə gəlməyə səbəb olub.
Sanksiya siyahısına hərbi sektorda fəaliyyət göstərən alimlər və tədqiqatçılar daxildir. Onların arasında “Siqnal” Elmi Mərkəzinin əməkdaşları da var. Mərkəzin əməkdaşları iddia edirlər ki, onlar epibatidinin sintezi ilə bağlı tədqiqatlar aparıb və məqalələr dərc ediblər.
Aİ-nin fikrincə, bu, onların kimyəvi silah kimi hazırlanmasında iştirakını göstərə bilər. Xüsusilə, mərkəzin laboratoriya müdiri İqor Babkin məhdudiyyətlərə məruz qalıb. Həmçinin, mərkəzin iki böyük elmi əməkdaşı Sergey Qalan və Olqa Yudina, eyni zamanda elmi əməkdaş Aleksey Aksyonov da sanksiya siyahısına daxil edilib.
Siyahıda həmçinin Aİ-nin Rusiyanın kimyəvi silah proqramındakı əsas qurum hesab etdiyi Üzvi Kimya və Texnologiya üzrə Dövlət Tədqiqat İnstitutunun kimyəvi tədqiqat analitiki İrina Derevyagina da var. Digər adı çəkilən şəxs isə Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Hərbi Akademiyasının elmi işlərin təşkili və akademik heyətin hazırlanması şöbəsinin müdiri Mixail Qutsalyukdur.
Ümumilikdə, Aİ-nin kimyəvi silahların istifadəsinə və yayılmasına qarşı məhdudlaşdırıcı tədbirlər rejimi hazırda 31 fiziki şəxsə və 6 hüquqi şəxsə şamil olunur.
Sanksiya siyahısına daxil olanların aktivləri dondurulur və onlara hər hansı maliyyə və ya iqtisadi resursların verilməsi qadağan edilir. Bundan əlavə, onların Avropa İttifaqına daxil olması qadağandır.
Tətbiqimizi yükləyə bilərsiniz