
Avstraliyalı Anqelos Postekoqlu beşqat “Qızıl top” mükafatı sahibi Kriştianu Ronaldonun oynadığı Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun baş məşqçisi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Nəsr”in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilə iki mövsüm üçün nəzərdə tutulub.
Postekoqlunun son iş yeri ötən ilin oktyabr ayında ayrıldığı İngiltərənin “Nottinqem Forest” klubu olub.
Qeyd edək ki, Postekoqlunun 60 yaşı var. O, əvvəllər Avstraliyanın “Saut Melburn”, “Brisben Roar” və “Melburn Viktori” klublarını, Yaponiyanın “Yokohama Marinos”, Şotlandiyanın “Seltik” komandalarını və Avstraliya milli komandasını idarə edib.
O, “Saut Melburn” və “Brisben Roar” komandaları ilə iki Avstraliya çempionluğu qazanıb. “Yokohama Marinos”la da o, Yaponiya çempionu olub. “Seltik”i isə təcrübəli məşqçi iki Şotlandiya çempionluğuna, bir Liqa Kubokuna və bir Şotlandiya Kubokuna aparıb.
Postekoqlu həmçinin 2015-ci ildə Avstraliya ilə Asiya Kubokunu qazanıb.
Postekoqlu 2023-cü ildən 2025-ci ilə qədər İngiltərənin “Tottenhem” klubuna rəhbərlik edib. Onun rəhbərliyi altında londonlular 2024/25 mövsümündə Avropa Liqasının qalibi olublar ki, bununla da onlarln 2008-ci ildən bəri ilk rəsmi kubokları olub.
Xatırladaq ki, may ayında portuqaliyalı Xorxe Jesus komandanın Səudiyyə Ərəbistanı çempionluğunu qazanmasından sonra “Əl-Nəsr”in baş məşqçisi vəzifəsindən istefa vermişdi.
Tətbiqimizi yükləyə bilərsiniz