
Türkiyədə 2025-ci ildə rəsmi elan yayımlayan qəzetlərin sayı əvvəlki illə müqayisədə 12,5 faiz azalaraq 659-a düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Türkiyənin Mətbuat Elan Qurumunun (Basın İlan Kurumu) “Süreli Yayın İstatistikleri, 2025” adlı hesabatında yer alıb.
Hesabata əsasən, qəzetlərin illik ümumi tirajı əvvəlki illə müqayisədə 15,1 faiz azalıb və ötən il 392 milyon 797 min 801 nüsxə olub.
Rəsmi elan yayımlayan internet xəbər saytlarının sayı isə artıb. Belə ki, 2024-cü ildə 349 olan saytların sayı 2025-ci ildə 2,3 faiz artaraq 357-yə yüksəlib. Ötən il xəbər saytlarında il ərzində 8,84 milyarddan çox unikal ziyarətçi qeydə alınıb, səhifə baxışlarının sayı isə 45,31 milyardı ötüb.
Rəsmi reklam yayımlayan jurnalların sayı isə cüzi azalaraq 470 olub.
Hesabata görə, media sektorunda məşğulluq göstəricilərində də fərqli dinamika müşahidə olunub. Rəsmi elan yayımlayan qəzetlərdə çalışanların sayı 13,9 faiz azalaraq 3 714 nəfərə enib. Onların 43,8 faizi müxbir, 26,7 faizi redaktor, 20,3 faizi məsul redaktor, 7,1 faizi yazar, 2,1 faizi isə xəbər müdiri vəzifəsində çalışıb.
Bunun əksinə olaraq, rəsmi elan yayımlayan internet xəbər saytlarında çalışanların sayı 8,4 faiz artaraq 3 690 nəfərə yüksəlib. İşçilərin 39,3 faizi müxbir, 37 faizi internet redaktoru (admin), 10,9 faizi məsul redaktor, 9,3 faizi yazar, 3,5 faizi isə xəbər müdiri kimi fəaliyyət göstərib.
Gender bölgüsünə əsasən, internet xəbər saytlarında çalışan yazarların 45,6 faizini qadınlar, 54,4 faizini isə kişilər təşkil edib. İnternet redaktorlarının 46,8 faizi, müxbirlərin isə 42,6 faizi qadın olub.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz