Qeyri-adi sevinc... Və ya nəyə necə baxırıq?


Məşhur qolf ustası Roberto de Vinçenzo yenə yarışda qalib gəlmiş, jurnalistlər qarşısında qısa çıxışından sonra təmsil etdiyi klubun binasına qayıtmışdı. Bir qədər sonra o, maşınını götürmək üçün yaxındakı avtomobil parkına üz tutdu. Bu vaxt ona gənc bir qadın yaxınlaşdı. Qadın məşhur qolf ustasını təbrik etdikdən sonra uşağının ölümcül xəstə olduğunu və bir neçə aydır ki, xəstəxanada yatdığını dedi. Üstəlik, xəstəxana xərclərini ödəmək üçün pulu da yox idi. Qadının sözləri Vinçenzoya çox təsir etdi. O, dərhal cibindən bir çek kitabçası çıxardı və yarışda qazandığı pulun bir hissəsini qadına bağışladı...
Ertəsi gün Vinçenzo klubun restoranında günorta yeməyi yeyirdi. Klubun rəhbəri onun yanına gəldi və:
- Avtomobil parkındakı uşaqlar dünən sizin bir qadınla danışdığınızı dedilər, bu doğrudur? - deyə soruşdu.
Vinçenzo başını tərpədərək, “Bəli”, - dedi.
- Sizə bir xəbərim var. O qadın fırıldaqçıdır. Üstəlik, ölüm ayağında yatan xəstə uşağı da yoxdur. Sadəcə olaraq, sizdən pul qoparmaq istəyib, vəssəlam...
- Yəni deyirsiniz ki, orada ölüm ayağında yatan bir uşaq yoxdur?
- Əlbəttə yoxdur!
Vinçenzo gözlənilmədən sevindi və:
- Elə isə bu mənim son vaxtlar eşitdiyim ən xoş xəbər oldu, - dedi.
Əslində “baxış bucağı” dediyimiz şey budur. Kimisi pulu əlindən çıxdığı üçün kədərlənir, kimisi də ölüm ayağında yatan xəstə bir uşaq olmadığı üçün (elə Vinçenzo kimi) sevinir. Ya da eyni pəncərədn baxan iki nəfərdən biri yerdəki palçığı görür qəmə batır, o biri göydəki ulduzları görür sevinc tapır.
Elə isə söz sizindir...

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top