
Liberal Demokrat Tom Qordonun rəhbərlik etdiyi bir qrup Britaniya millət vəkili “Maşa və Ayı” cizgi filmini qadağan etməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, onlar cizgi filminin rus təbliğatının yumşaq forması olduğunu iddia ediblər.
ABŞ-nin “Netflix” şirkəti məşhur cizgi serialının daha iki mövsümünün hüquqlarını əldə etdikdən sonra təxminən 50 millət vəkilindən ibarət qrup Böyük Britaniyanın Rəqəmsal, Mədəniyyət, Media və İdman naziri Liza Nandiyə məktub yazıb.
Millət vəkilləri Maşanın tank dəbilqəsinə bənzər baş geyimi, həmçinin, sovet dövrü forması geyindiyi səhnəyə işarə ediblər.

Millət vəkilləri həmçinin, Maşanın tarixən NKVD ilə əlaqəli olan sovet sərhəd keşikçisinin papağına bənzər baş geyimi geyindiyi başqa bir səhnəni də qeyd ediblər.

Onlar bu geyimləri qlobal uşaq auditoriyası üçün sovet hərbi ikonoqrafiyasının normallaşdırılması kimi qiymətləndiriblər.
Millət vəkilləri hesab edirlər ki, bu məzmunun striminq platformaları vasitəsilə uşaqlara çatması qəbuledilməzdir.
Qeyd edək ki, “Maşa və Ayı” “Animaccord” şirkətinin cizgi serialıdır. Serial 40-dan çox dilə tərcümə olunub və dünyanın aparıcı media şirkətləri tərəfindən dünyanın demək olar ki, hər yerində yayımlanır. 2020-ci ilin aprel ayında serial dünyanın ən sevilən beş əyləncə brendi arasında yer alıb.
Tətbiqimizi yükləyə bilərsiniz