
Yulian Naqelsman Almaniya milli futbol komandasının baş məşqçisi vəzifəsindən istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyasının (DFB) mətbuat xidməti məlumat yayıb.
İstefaya səbəb Almaniyanın Dünya Kubokunun 1/32 final mərhələsində Paraqvaya məğlub olması və Dünya Kubokunda mübarizəsini dayandırması olub.
“Komandanın Dünya Kubokundan kənarlaşdırılmasından bəri çox düşündüm və həm şəxsən, həm də federasiya daxilində etibarlı insanlarla məsləhətləşdim. Bu qərar asan qəbul edilmədi. Mənim üçün əsas prioritet həmişə komandanın uğuru olub. Belə acı bir məyusluqdan sonra onlar yenidən başlamaq şansına layiqdirlər. Məşqçilər heyətimə, dəstək komandama və bizi dəstəkləyən federasiyadakı hər kəsə, xüsusən də birlikdə işləmək şansım olan oyunçulara təşəkkür etmək istəyirəm. Azarkeşlərə də xüsusi təşəkkürlər. Bizi dəstəklədiniz, bizə inandınız, çətin anlarda belə bizə enerji verdiniz. Sizi məyus etməyimiz və bu Dünya Kubokunda sizə daha yaddaqalan futbol axşamları verə bilməməyimiz məni həqiqətən kədərləndirir. Siz daha çox şeyə layiq idiniz”, - Naqelsman qeyd edib.
“Sky Sport” telekanalının məlumatına görə, Almaniya milli komandasının baş məşqçisi vəzifəsinə əsas namizəd Yurgen Kloppdur. Alman məşqçi 2024-cü ildə “Liverpul”un baş məşqçisi vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Almaniya-Paraqvay matçı əsas və əlavə vaxtdan sonra 1-1 hesablı heç-heçə ilə başa çatıb. Paraqvaylılar penaltilər seriyasında 4-3 hesabı ilə qalib gəliblər.
Xatırladaq ki, 38 yaşlı Naqelsman 2023-cü ilin sentyabr ayında Almaniya milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub. Onun rəhbərliyi altında komanda 2024-cü il Avropa Çempionatının dörddəbir finalına çıxıb. O, əvvəllər Almaniyanın “Bavariya”, “Leypsiq” və “Hoffenhaym” klublarında baş məşqçi olub.
Tətbiqimizi yükləyə bilərsiniz