
ABŞ mümkün əməliyyatların qarşısını almaq üçün İsrailin müəyyən İran liderlərinə qarşı sui-qəsd planı barədə İrana birbaşa məlumat ötürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti Ağ Ev mənbələrinə istinadla məlumat yayıb.
Nəşr yazır ki, ABŞ və İsrailin hücumlarında İranın Ali Lideri Əli Xamenei və digər İran liderlərinin ölümündən sonra Vaşinqton Tehranın siyasət dəyişikliyində dərhal nəticə əldə edə bilməməsi fonunda münaqişənin diplomatik həlli imkanlarını araşdırmağa başlayıb. Bu baxımdan, ABŞ İranın xarici işlər naziri Abbas Əraqçi və İran məclisinin (parlamentinin) sədri Məhəmməd Baqer Qalibafla dialoqda maraqlı olub. Nəticədə, Vaşinqton İsrail tərəfinə Əraqçi və Qalibafı öldürməkdən çəkinmək barədə müraciət edib. Lakin buna baxmayaraq, İsraildən etibarlı zəmanət almayıb. Bu isə ABŞ-ni hər iki rəsmi üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyi barədə İran tərəfini birbaşa xəbərdar etməyə vadar edib.
Qəzetin məlumatına görə, ABŞ və İsrail arasında İran liderlərinin sui-qəsdi ilə bağlı fikir ayrılıqları İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümündən sonra başlayıb.
Qeyd edək ki, bundan əvvəl “New York Times” qəzeti ABŞ-nin İsrailin bu yaz İranın bəzi liderlərinə, xüsusən də Əraqçi və Qalibafa qarşı sui-qəsd planlarından xəbərdar olduğunu bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz