
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində bu gün səhər saatlarında həddindən artıq dolu sərnişin avtobusu magistral yoldan yol kənarındakı dərin dərəyə aşıb.
Yeniavaz.com “The Times of İndia” qəzetinə istinadla xəbər verir ki, bu barədə Bəlucistan hökumətinin xüsusi nümayəndəsi Şahid Rind məlumat yayıb.
Rind bildirib ki, avtobusda təkcə onun öz sərnişinləri deyil, həm də xarab olmuş başqa bir avtobusun sərnişinləri olub. Nəticədə, nəqliyyat vasitəsi həddindən artıq dolub.
Onun sözlərinə görə, avtobus idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində ən azı 40 nəfər ölüb, 8 nəfər yaralanıb.
Avtobus əyalətin paytaxtı Kvettadan ölkənin paytaxtı İslamabada hərəkət edib.
48 sərnişin daşıyan avtobus Bəlucistan və Xayber Paxtunxva əyalətlərinin sərhədinə yaxın ucqar bir ərazidə - Dana Sarda qəzaya düşüb.
Rind xilasedicilərin ölənlərin şəxsiyyətini müəyyən etməyə və yaralıları müalicə etməyə çalışdıqlarını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz