Tramp gəlirlərini açıqladı


ABŞ Prezidenti Donald Trampın 2025-ci il üzrə maliyyə bəyannaməsi onun ötən il kriptovalyuta ilə bağlı fəaliyyətlərdən 1 milyard dollardan çox gəlir əldə etdiyini ortaya qoyub.
Yeniavaz.com
xəbər verir ki, maliyyə bəyannaməsinə əsasən, Tramp ailəsinə məxsus “World Liberty Financial” şirkəti token satışlarından təxminən 515 milyon dollar gəlir əldə edib.
Donald Trampın 2024-cü ildə oğulları ilə birlikdə yaratdığı şirkət daşınmaz əmlak milyarderi Stiv Uitkoffla birgə təsis edilib.
Sənəddə qeyd olunur ki, Trampın kriptovalyuta sektorundan əldə etdiyi gəlirlər əvvəlki illə müqayisədə kəskin artıb. Belə ki, 2024-cü il maliyyə bəyannaməsində “World Liberty Financial” şirkətindən əldə olunan gəlir 57 milyon dollar göstərilib.
Bundan başqa, Trampın memkoini ($TRUMP) və rəqəmsal ticarət kartlarını (NFT) idarə edən “CIC Digital” holdinqi vasitəsilə təxminən 636 milyon dollar gəlir əldə etdiyi bildirilir. Ötən il Trampın rəsmi internet səhifəsində “CIC Digital LLC” və sonradan yaradılmış “Fight Fight Fight LLC” şirkətlərinin $TRUMP tokeninin 80 faizinin kollektiv sahibi olduğu qeyd edilib.
Maliyyə bəyannaməsində həmçinin Trampın “Mar-a-Lago”, “Trump National Doral”, “Trump National Golf Club Bedminster”, “Trump National Golf Club Jupiter” və “Trump National Golf Club Washington, D.C.” kimi daşınmaz əmlaklarından ümumilikdə təxminən 300 milyon dollar gəlir əldə etdiyi göstərilir.
İnvestisiya portfelində isə Trampın “Apple”, “Microsoft” və “Nvidia” şirkətlərinin hər birinə 5–25 milyon dollar arasında sərmayə yatırdığı qeyd olunur. Bundan əlavə, o, ötən ilin sentyabrında ümumi dəyəri 500 min–1 milyon dollar arasında qiymətləndirilən “Amazon” səhmləri də alıb.
Qeyd edək ki, “Forbes” jurnalı hazırda Donald Trampın sərvətini təxminən 6 milyard dollar qiymətləndirir.
Ekspertlər bildirirlər ki, Trampın prezident seçildikdən sonra kriptovalyuta bazarına münasibəti və bu sahədə atdığı addımlar ciddi müzakirələrə səbəb olub. O, seçki kampaniyası dövründə rəqəmsal aktivlərin inkişafını dəstəkləyəcəyini və ABŞ-nin bu sahədə qlobal liderə çevirəcəyini vəd edib. Prezident olduqdan sonra administrasiyasının kriptovalyutalara daha müsbət yanaşması fonunda Trampa bağlı layihələrin, o cümlədən “World Liberty Financial” və $TRUMP memkoininin dəyərində nəzərəçarpacaq artımlar qeydə alınıb.
Məhz bu səbəbdən Trampın həm dövlət başçısı, həm də kriptovalyuta layihələri ilə əlaqəli biznes maraqlarına sahib olması maraqların toqquşması və bazarın manipulyasiyası ilə bağlı tənqidlərə yol açıb. Tənqidçilər hesab edirlər ki, prezidentin açıqlamaları və administrasiyasının siyasəti investor davranışına birbaşa təsir göstərərək onunla əlaqəli rəqəmsal aktivlərin qiymətini yüksəldə bilər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top