
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Avropa kursundan imtina etməyəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə İrəvanda danışıqlardan sonra Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə birgə mətbuat konfransında danışıb.
“Mən aydın və qəti cavab verəcəyəm: 2013-cü ildə Ermənistanın bir gecədə fikrini dəyişdiyi, Aİ ilə assosiasiya sazişinin imzalanması prosesindən imtina etdiyi və Avrasiya İqtisadi Birliyinə və ya Gömrük İttifaqına doğru irəliləmək qərarına gəldiyi vəziyyəti istisna edirəm. Cavabım qısa və aydındır: bəli, mən bunu istisna edirəm. Bu, mümkün deyil”, - Paşinyan qeyd edib.
Paşinyan bunun xüsusən də indi, Ermənistan xalqının Ermənistan hökümətinin yürütdüyü siyasəti, xüsusən də balanslaşdırılmış xarici siyasəti açıq şəkildə dəstəklədiyi bir vaxtda mümkün olmadığını qeyd edib.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistanın Rusiya ilə münasibətlərdə böhran yaratmaq niyyəti yoxdur.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Aİ ilə yaxınlaşma və Avropa standartlarına keçid kursunu elan edib, eyni zamanda bu iki siyasəti birləşdirmək mümkün olduğu müddətcə Avrasiya İqtisadi İttifaqına üzvlüyünü qorumaq niyyətini bildirib.
“Daha əvvəl də bəyan etdiyimiz kimi, biz heç vaxt Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərdə böhran yaratmaq məqsədi güdməmişik, indi də güdmürük və gələcəkdə də güdməyəcəyik. Biz ölkəmizin maraqları çərçivəsində hərəkət edirik və beynəlxalq tərəfdaşlarımızın heç birinin maraqlarını nəzərdən qaçırmırıq. Lakin eyni zamanda heç bir tərəfdaşın maraqları Ermənistan Respublikasının maraqlarından üstün tutula bilməz. Düşünürəm ki, bu, istənilən ölkə üçün məntiqli yanaşmadır”, – Baş nazir əlavə edib.
Qeyd edək ki, 3 sentyabr 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Ermənistan Prezidenti Serj Sarkisyan İrəvanın Gömrük İttifaqına qoşulmaq və sonradan Avrasiya İqtisadi İttifaqının yaradılmasında iştirak etmək niyyətini açıqlamış və bu, Ermənistanın Aİ ilə assosiativ saziş üzrə fəal danışıqlar apardığı bir vaxtda baş vermişdi.
Tətbiqimizi yükləyə bilərsiniz