Türkiyə, İran, Rusiya, həmçinin Suriya müxalifəti və Əsəd rejimi nümayəndələrinin iştirakı ilə Astanada keçirilən sülh danışıqları beynəlxalq aləmin diqqət mərkəzindədir. Bəs Astana danışıqları Suriyada uzunmüddətli sülhün əldə edilməsinə yardım edə biləcəkmi? Məsələ ilə bağlı "Yeniavaz.com"un sualına cavabında politoloq Qabil Hüseynli deyib ki, Astana görüşləri Suriyada uzunmüddətli sülhün bərpasına gətirib çıxara bilməyəcək. Qabil Hüseynli: "Suriyada sülhün əldə edilməsinə yönələn Astana danışıqlarını yüksək qiymətləndirirəm. Lakin İran, Rusiya və Türkiyənin sülh cəhdləri bölgəyə müvəqqəti sabitlik gətirə bilər. Çünki Astana danışıqlarında Suriyada təsir dairəsi uğrunda mübarizə aparan Avropa Birliyi (AB) ölkələrinin, o cümlədən ABŞ-ın maraqları nəzərə alınmayıb. Belə ki, ABŞ və Avropa Birliyi Əsədin hakimiyyətdən tam şəkildə getməsini istəyirlər. Buna nail olmaq üçünsə başda ABŞ olmaqla Qərb ölkələri Əsəd əleyhidarı güclərə dəstək verməkdə davam edəcəklər. Nəhayət ABŞ-ın və AB-nin İranın bölgədə at oynadacağına icazə verəcəkləri də inandırıcı görünmür. Ona görə də belə hesab edirəm ki, ABŞ və AB-nin iştirakı olmadan Suriyada sülhü bərpa etmək mümkün olmayacaq",-dedi.