
Ermənistanın hazırkı parlamentinin spikeri Alen Simonyan yeni qanunvericilik orqanında deputat mandatını qəbul etməyəcəyini və yeni parlamentdə olmayacağını bildirib.
Yeniavaz.com “Armenpress” agentliyinə istinadla xəbər verir ki, o bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə qeyd edib.
“Bunu Baş nazir və partiya idarə heyəti ilə müzakirə etdim - mandatı qəbul etməyəcəyəm və parlamentə gəlməyəcəyəm. İlk növbədə, bir az dincəlmək istəyirəm”, - deyə o, bildirib.
O, partiyasının onu yeni parlamentin spikerliyinə namizəd seçməməsinə də münasibət bildirib.
“Mən Milli Məclisin sədri kimi işimi davam etdirmək istəyirdim, çünki tarixdə ən uzun müddət xidmət etmiş Milli Məclis sədri olduğum üçün düşünürəm ki, 5 illik işimi davam etdirməli idim. Amma partiya və onun idarə heyəti var və mən həmişə partiya idarə heyətinin qərarı ilə hərəkət edəcəyimi bildirmişəm”, - Simonyan qeyd edib.
O, həmçinin, partiyanın təsisçilərindən biri olduğunu, siyasi prosesin bir hissəsi kimi dostlarının yanında qalacağını və ona ehtiyac duyduqları müddətcə onlarla birlikdə olacağını bildirib.
Alen Simonyan ona prezidentlik təklif olunmasına dair xəbərlərə də münasibət bildirib. O, belə bir məsələnin olmadığını əlavə edib.
Qedy edək ki, bu yaxınlarda “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyəti hazırda parlamentin vitse-spikeri olan Ruben Rubinyanı Ermənistanda yeni yaradılmış parlamentin rəhbəri vəzifəsinə qapalı səsvermə yolu ilə namizəd seçib. Namizədlər arasında həmçinin Milli Məclisin sədri Alen Simonyan və Milli Məclisin “Vətəndaş Müqaviləsi” fraksiyasının lideri Hayk Koncoryan da olub.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz