
Amerikalılar hər il balıq yağı əlavələrinə 1 milyard dollardan çox pul xərcləyirlər və bunun əsas səbəbi onların tərkibindəki omeqa-3 yağ turşularının beyin sağlamlığını dəstəkləyə biləcəyi iddialarıdır.
Yeniavaz.com xəbər verir ki, ABŞ-də aparılan yeni genişmiqyaslı araşdırma omeqa-3 tərkibli balıq yağı əlavələrinin yaddaşı və idrak funksiyalarını yaxşılaşdırmadığını, həmçinin alzheimer xəstəliyi ilə əlaqəli beyin dəyişikliklərinin qarşısını almadığını göstərib.
Qeyd edək ki, tədqiqat ABŞ-nin Keck Medicine Universitetinin alimləri tərəfindən aparılıb və nəticələri “eBioMedicine” jurnalında dərc olunub.
Araşdırmada 55-80 yaş arasında olan, balığı nadir hallarda istehlak edən və alzheimer xəstəliyi riski yüksək hesab edilən 365 nəfər iştirak edib. İştirakçılar iki il ərzində təsadüfi qaydada gündəlik 2000 mq DHA tərkibli balıq yağı əlavəsi və ya plasebo (tərkibində omeqa-3 kapsul) qəbul ediblər.
Alimlər əvvəlcə əlavələrdəki omeqa-3 yağ turşularının beyinə çatıb-çatmadığını araşdırıblar. Altı aydan sonra onurğa beyni mayesində DHA səviyyəsinin orta hesabla 17 faiz artdığı müəyyən edilib. Bu, omeqa-3-ün beyinə çatdığını təsdiqləyib.
Lakin araşdırmanın əsas nəticələri göstərib ki, bu artım yaddaşın və düşünmə qabiliyyətinin yaxşılaşmasına səbəb olmayıb. İki ilin sonunda balıq yağı qəbul edən iştirakçıların idrak testlərində nəticələri plasebo qəbul edənlərlə eyni olub.
Beyin görüntüləmə müayinələri də balıq yağı əlavələrinin yaddaş üçün vacib olan hipokampus nahiyəsinin kiçilməsini ləngitmədiyini göstərib. Bu dəyişiklik alzheimer xəstəliyinin əsas göstəricilərindən biri hesab olunur.
Tədqiqatçılar bildiriblər ki, omeqa-3 yağ turşuları beyin hüceyrələri üçün vacib olsa da, balıq yağı əlavələrinin alzheimer xəstəliyinin qarşısını almaqda effektiv olduğu sübut edilməyib.
Alimlərin fikrincə, omeqa-3 yağ turşuları ayrı-ayrı əlavələrdən daha çox Aralıq dənizi tipli sağlam qidalanmanın tərkib hissəsi kimi faydalı ola bilər.
Tədqiqatçılar vurğulayıblar ki, alzheimer riskini azaltmaq və beyin sağlamlığını qorumaq üçün ən təsirli üsullar balanslı qidalanma, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu və ümumi sağlam həyat tərzidir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz