"Nebo M" Azərbaycan və Gürcüstanı hədəfdə saxlayacaq"

Rusiyanın Ermənistana açıq şəkildə havadarlıq etməsi və bu müstəvidə "Nebo M" radiolokasiya kompleksini adı çəkilən ölkədə yerləşdirməyə hazırlaşması Azərbaycanda özünəməxsus şəkildə ək-səda verməkdədir. Məsələ ilə əlaqədar hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov "Yeniavaz.com"a verdiyi açıqlamada Rusiyanın açıq şəkildə Ermənistanı müdafiə etdiyini və bunu hazırda gizlətmədiyini söylədi. Üzeyir Cəfərov: "Rusiyalı hərbi ekspert Yevgeni Damantsev yazır ki, "Nebo-M" radiolokasiya kompleksi Gümrüdəki 102-ci hərbi bazada yerləşdiriləcək. Guya bu addım Azərbaycanın İsraildən aldığı "Green Pine" radiolokasiya stansiyasına cavab olacaq. Amma Azərbaycanın bu radiolokasiya stansiyası Rusiya əleyhinə deyil və onun hədəfi hava məkanımızın təhlükəsizliyinə edilə biləcək qəsdlərin vaxtında üzə çıxarılması və bununla bağlı müvafiq cavab tədbirləri həyata keçirilməsidir. Bu baxımdan Rusiyanın özünün deyil, Ermənistanın maraqlarını müdafiə etdiyi göz önündədir. Çünki Rusiyanın Ermənistanda yerləşdirdiyi istənilən hərbi texnikadan, o cümlədən strateji təyinatlı hava hücumundan müdafiə vasitələrindən və adı çəkilən ölkədə yerləşdiriləcək "Nebo-M" radiolokasiya kompleksindən Ermənistanın ölkəmizə qarşı istifadə etməyəcəyinə heç kim zəmanət verə bilməz. Eyni zamanda "Nebo M"radiolokasiya kompleksi Azərbaycan və Gürcüstanı hədəfdə saxlayacaq. Belə bir vəziyyətdə münaqişənin həllində Rusiyadan ədalətli mövqe gözləməyə dəyməz. Azərbaycan bütün bunları nəzərə alaraq özünün təhlükəsizliyini ən yüksək səviyyədə təmin edə biləcək addımlar atmalıdır",-dedi.

DİGƏR XƏBƏRLƏR

Top