Tbilisidə azərbaycanlı qadın qətlə yetirilib


Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız qətlə yetirlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstanın “Sapari” təşkilatının rəhbəri Baia Pataraia “Facebook” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, 2005-ci il təvəllüdlü Fatimə Kərimovanın cəsədi 26 iyun 2026-cı il tarixdə Gürcüstanın Tbilisi şəhərində yaşadığı kirayə mənzildə tapılıb.
Pataraianın sözlərinə görə, Azərbaycandan olan gənc, gözəl, yetim qızı sevgilisi aldadaraq Gürcüstana gətirib. Onlar orada yaşamağı və işləməyi planlaşdırıblar.
“Buna qədər isə qohumları bu qızı başqa birinə nişanlayıblar, həmin şəxs qızdan borc pul alıb və geri qaytarmayıb. Qısası, qız sevgiyə və yeni bir həyata inanaraq bura gəlib. Ancaq vəd olunan iş alınmayıb. Pulları bitən kimi sevgilisi qızın “IPhone” telefonunu lombarda qoyub. Bundan əvvəl isə sevgilisi onu amansızcasına döyərək küçəyə atıb, özü isə təkbaşına Azərbaycana qayıdıb.
Yad bir ölkədə döyülmüş və köməksiz qalmış azərbaycanlı qıza xeyirxah bir erməni qadın sahib çıxıb. Rahat ünsiyyət qura bilsinlər deyə öz azərbaycanlı rəfiqəsini də bura gətirib və qızın qohumlarına zəng etməsinə kömək edib. Qızın gənc bir kişi qohumu gəlib və “Mən onun üçün mənzil kirayələyəcəyəm, bir neçə aydan sonra, vəziyyət sakitləşəndə isə onu Azərbaycana aparacağam” deyərək qızı aparıb.
Hər şey normal görünsə də, qız tezliklə yoxa çıxıb. Azərbaycandakı kiçik bacısı onu axtarmağa başlayanda həmin erməni qadına zəng edib və ikinci gündür ki, bacısı ilə əlaqə saxlaya bilmədiyini deyib. Sonra da ondan xahiş edib ki, bacısını Varketilidəki mənzilindən soruşsun.
Qadın mənzilə gedib, ancaq qapını heç kim açmayıb. Qonşulardan xəbər tutub ki, dünən gecə orada böyük dava-dalaş olub. Qadın polisə zəng edib, polis qapını sındırıb və mənzildə qətlə yetirilən qızın cəsədini tapıb. Qatil Türkiyəyə qaçıb. Axtarış elan edilib”, - Pataraia bildirib.
O bu gün səhər saatlarında prokurorluğa müraciət edərək, işə cəlb olunmasını istədiyini bildirib. Pataraia qeyd edib ki, indi onun bu işdə hüquqşünas kimi çıxış edib-etməyəcəyi prokurordan asılıdır, çünki qətlə yetirilən şəxsin yeganə ailə üzvü Azərbaycandadır və ilk növbədə o, hüquqi varis kimi tanınmalıdır.
“Heç bir şeyin gizlədilməməsi və qatilin cəzasız qalmaması üçün səsimizi ucaltmalıyıq! Mən gürcü və qeyri-gürcü medianı bu işi araşdırmağa çağırıram. Mən prokurorluğu öldürülən şəxsin bacısının adından bizi işə cəlb etməyə çağırıram. Çağırıram ki, artıq üç ölkəni əhatə edən qadın qətli ilə bağlı iş materiallarını öyrənə bilək”, - Pataraia qeyd edib.
Digər tərəfdən, Gürcüstan mediası Fatimə Kərimovanın xalası oğlu tərəfindən iki həftə Tbilisidəki bir mənzildə kilid altında saxlanıldığını, vəhşicəsinə döyüldüyünü və sonra boğularaq öldürüldüynü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top