
Gürcüstanın diri heyvan ixracı ilə məşğul olan şirkətləri Azərbaycanın tətbiq etdiyi yeni daşınma qaydalarının ixrac həcmlərinə mənfi təsir göstərəcəyini bildirirlər.
Yeniavaz.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Gürcüstan üçün əsas ixrac bazarlarından biri olan Azərbaycan diri heyvanların daşınması ilə bağlı tələbləri sərtləşdirib.
Gürcüstanın “Va-Toshi” şirkətinin direktoru Vaxtanq Xositaşvili mətbuata verdiyi açıqlamada bildirib ki, yeni qaydalara görə, bir nəqliyyat vasitəsində daşına bilən heyvanların sayı əhəmiyyətli dərəcədə azaldılıb: “Əvvəllər bir yük maşınında 450 baş qoyun daşınmasına icazə verilirdisə, yeni qaydalara əsasən bu rəqəm 150 başa endirilib. İribuynuzlu heyvanlar üçün isə limit 100 başdan 60 başa salınıb”.
Şirkət rəhbərinin sözlərinə görə, bu dəyişiklik daşınma xərclərini artıracaq və Gürcüstandan Azərbaycana diri heyvan ixracını azaldacaq.
“Bu, məhsulun maya dəyərini yüksəldir, çünki nəqliyyat xərcləri artır. Mövsüm ərzində Gürcüstandan Azərbaycana təxminən 150 min baş qoyun ixrac olunur. Mövcud qaydalar dəyişməz qalarsa, təxminən 20 min baş qoyunun ixracı mümkün olmayacaq”, – deyə Xositaşvili bildirib.
O əlavə edib ki, Gürcüstan tərəfi Azərbaycanın bu qərarı qəbul etməsinin səbəblərini bilmir və ölkəsinin müvafiq dövlət qurumlarından məsələ ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılmasını gözləyir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, ölkəyə idxal olunan heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədilə daşınma şərtlərinə dair yeni tələblər müəyyən edib.
AQTA-nın məlumatına görə, keçid dövrü çərçivəsində, 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən olunub.
Məlumat üçün onu da qeyd edək ki, 2025-ci ildə Gürcüstandan Azərbaycana 45 min 45 baş diri iribuynuzlu heyvan və 177 min 583 baş diri qoyun ixrac olunub. Həmin il Azərbaycanın ümumi idxalı isə 115 min 301 baş iribuynuzlu heyvan və 306 min 591 baş qoyun təşkil edib. Açıqlanan məlumatlardan da göründüyü kimi, Azərbaycanın diri heyvan idxalında Gürcüstanın payı olduqca böyükdür.
Onu da bildirək ki, Azərbaycan ətə olan daxili tələbatı yerli istehsal hesabına təmin edə bilmir. Açıqlanan son rəsmi məlumata görə, Azərbaycanda mal əti və ət məhsullarına olan illik tələbat 177 min ton olub və bunun yalnız 153 min tonu ölkə daxilində istehsal olunub. Qoyun və keçi ətinə isə 94 min ton tələb olub və bunun da 90 min tonunu yerli istehsal təşkil edib.
Mütəxəssislər belə hesab edirlər ki, yeni daşınma qaydaları idxal həcmlərinin azalmasına səbəb olarsa, bu ölkənin ət bazarında təklifə təsir edəcək və nəticədə qiymətlərin yüksəlməsi qaçılmaz olacaq.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz