Fındıq, çay, bal, alma, nar, ət, süd - xarici ölkələrə başqa nə satacağıq?

"54 məhsul (emal məhsulları, o cümlədən ət və süd məhsulları, meyvə-tərəvəz, bal, şərabçılıq məhsulları) üzrə təhlillər aparılıb və ixracının artırılması üçün tədbirlər görülür. Azərbaycandan ixracın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ixracının 2 dəfə artırılması vəzifə olaraq müəyyənləşdirilib". Yeniavaz.com saytına İqtisadiyyat Nazirliyindən bildirilib ki, ixracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq tətbiq olunur: "İndiyədək bu mexanizm çərçivəsində şərab, pambıq ipliyindən məmulatlar, konservlər, sular, şirələr, fındıq və digər məhsullar üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və s. ölkələrə ixrac müqabilində 270 min manata yaxın vəsait sahibkarlara geri ödənilib. Hazırda ölkəmizdə istehsal olunan yerli mənşəli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Artıq Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə ixrac missiyaları təşkil edilib. Çinə təşkil edilmiş ixrac missiyası zamanı 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb və artıq məhsul ixracına başlanılıb. Dubaya təşkil olunmuş ixrac missiyası zamanı əldə olunmuş razılığa əsasən, artıq 18 ton nar şirəsi və 200 tona yaxın alma ixrac edilib. Bu ilin ilk ixrac missiyası isə artıq Almaniyaya yola düşüb. İqtisadiyyat Nazirliyi tərəfindən "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edir. Növbəti ixrac missiyaları isə fevralda Pakistan, Əfqanıstan və Qətərə təşkil ediləcəkdir. 2017-ci ildə AZROMO-nun təşkilatçığı ilə Azərbaycan şirkətləri Birləşmiş Ərəb Əmirliklərində, Almaniyada, Rusiyada və Çində keçiriləcək sərgilərdə vahid ölkə stendi ilə iştirak edəcəklər. Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə Belarusda ticarət evi yaradılır və işlər 2017-ci ilin birinci rübündə başa çatdırılacaq. Ukraynada da belə ticarət evi yaradılacaq. Rusiya və bir sıra digər ölkələrdə isə ticarət nümayəndələrinin fəaliyyəti nəzərdə tutulur. Görülən tədbirlər Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların mövcud və yeni ixrac bazarlarına çıxış imkanlarının genişlənməsinə də öz töhfəsini verəcək. Türkiyədə keçiriləcək üçtərəfli Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunda da ixracın genişləndirilməsi əsas müzakirə mövzularından olacaq".

DİGƏR XƏBƏRLƏR

Top