“YouTube”da ən çox hansı TV kanalları izlənilir? – Kəskin azalma var


Ötən ilin iyun ayı ilə müqayisədə bu ilin iyun ayında Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının “YouTube” üzərindən yayımlanan məzmunlarına baxış sayı azalıb.
Yeniavaz.com
xəbər verir ki, sosial mediada auditoriya aktivliyini və kontent effektivliyini analiz edən “Feedspy” platformasının açıqladığı məlumata görə, 2025-ci ilin iyun ayında ümumi baxış sayı 287 milyon 120 min 778 olduğu halda, 2026-cı ilin iyun ayında bu rəqəm 26,8 faiz azalaraq 210 milyon 510 min 929-a düşüb.
Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının “YouTube” üzərindən yayımlanan məzmunlarına baxış saylarının müqayisəsi göstərir ki, 2026-cı ilin iyun ayında ən çox izlənən kanal “Baku TV” olub.
“Baku TV” 61 milyon 168 min 679 baxışla ilk sırada qərarlaşıb. Bununla belə, kanalın baxış sayı ötən ilin iyun ayı ilə müqayisədə azalıb. Belə ki, 2025-ci ilin iyun ayında “Baku TV”nin ümumi baxış sayı 77 milyon 275 min 886 olub.
Reytinq siyahısında ikinci pillədə 24 milyon 343 min 652 baxışla “İctimai TV” yer alıb. Kanal ötən ilin eyni ayında 12 milyon 293 min 393 baxış topladığı üçün bu il əhəmiyyətli artım qeydə alınıb. İlk üçlüyü isə 20 milyon 465 min 81 baxışla “ARB 24” tamamlayıb. Kanalın ötən ilin iyun ayındakı göstəricisi 41 milyon 927 min 407 olub.
Ən diqqətçəkən dəyişikliklərdən biri CBC kanalında müşahidə olunub. Belə ki, 2025-ci ilin iyun ayında 55 milyon 549 min 579 baxış toplayan kanal 2026-cı ilin iyun ayında 1 milyon 731 min 975 baxışa qədər geriləyib və reytinqdə 2-ci pillədən 11-ci yerə düşüb.
İzlənmə sayında artım qeydə alan kanallar arasında “İctimai TV”, “Space TV” və “Kanal S” diqqət çəkib. “İctimai TV”nin baxış sayı 12 milyon 293 min 393-dən 24 milyon 343 min 652-yə yüksəlib. “Space TV”nin baxış sayı 176 min 721-dən 879 min 567-yə, “Kanal S”in göstəricisi isə 239 min 122-dən 301 min 214-ə yüksəlib.
Bununla yanaşı, ATV, AzTV, ARB, “CBC Sport”, APA, “Xəzər TV”, “İdman TV” və “Real TV”də də azalma müşahidə olunub. ATV-nin ümumi baxış sayı 27 milyon 733 min 685-dən 8 milyon 711 min 928-ə, AzTV-nin göstəricisi 27 milyon 298 min 160-dan 12 milyon 560 min 563-ə düşüb. ARB isə 10 milyon 578 min 318 baxışdan 2 milyon 733 min 142 baxışa geriləyib.
Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının “YouTube” üzərindən yayımlanan məzmunlarına baxış sayı (iyun 2025 – iyun 2026) aşağıdakı kimi olub:


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top