
ABŞ Prezidenti Donald Tramp haqqında nəşr olunan “Regime Change: Inside the Imperial Presidency of Donald Trump” kitabı nəşrinin ilk həftəsində 300 mindən çox nüsxə satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi “Simon & Schuster” nəşriyyatının məlumatlarına istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, bu rəqəmə əvvəlcədən sifarişlər, çap və elektron kitabların satışı, audiokitablar və yüksək tələbatla əlaqədar yerinə yetirilməmiş sifarişlər daxildir.
Kitab artıq üçüncü çap mərhələsindədir və ilk çapdan sonra sifariş edilən əlavə 200 000 nüsxə kitab mağazalarında və “Amazon”da qısa bir vaxtda satılıb.
Naşir qeyd edir ki, bu, 2026-cı ildə buraxılmış qeyri-bədii və ya sənədli kitablar arasında ilk həftənin ən yaxşı satış nəticəsidir.
Kitab “The New York Times” qəzetinin siyasi jurnalistləri Meqqi Haberman və Conatan Suon tərəfindən yazılıb. Kitabda Donald Trampın ikinci prezidentlik müddətinin ilk 14 ayı təsvir olunub. Müəlliflər burada Ağ Evin Qərb Qanadında, prezident iqamətgahı olan Mar-a-Laqoda, “Air Force One” təyyarəsində və prezidentin xarici səfərləri zamanı baş verən hadisələri təsvir ediblər.
Donald Tramp özü isə kitabı sərt tənqid edib və onun uydurma olduğunu bildirib.
Müəlliflər kitabda Trampın hərbi qərarları qəbul etməsini, Ədliyyə Nazirliyindən siyasi rəqiblərinə qarşı istifadə etməsini, nüfuzlu siyasi fiqurlarla danışıqlar aparmasını geniş şəkildə izah edirlər.
Kitabın əsas ideyalarından biri də odur ki, əgər Tramp 2020-ci il seçkilərində uduzmasaydı, ikinci prezidentlik müddətində bu qədər geniş siyasi imkanlara sahib olmazdı.
Müəlliflərin fikrincə, məhz bu, ona daha qətiyyətli davranmağa, müəyyən edilmiş siyasi normaları yenidən nəzərdən keçirməyə, dövlət qurumlarında islahat aparmağa və prezident səlahiyyətlərinin sərhədlərini genişləndirməyə imkan verib.
“Simon & Schuster” kitabın artıq ictimai müzakirələrin vacib bir hissəsinə çevrildiyini və Donald Trampın ikinci müddətinin tarixi sənədi kimi əhəmiyyət kəsb etdiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz