Yaşamaq üçün ən bahalı şəhərlərin siyahısı açıqlandı – Bakı 462-ci oldu


Dünyada yaşayış xərci və kirayə qiymətlərinin ən yüksək olduğu şəhər İsveçrənin Sürix şəhəri hesab olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat məşhur “Numbeo” portalının açıqladığı reytinqdə yer alıb.
Məlumat üçün bildirək ki, reytinqdə baza göstəricisi kimi ABŞ-nin Nyu-York şəhəri (100 bal) götürülüb və digər şəhərlərin yaşayış xərcləri bununla müqayisə edilib. Yaşayış xərcləri və kirayə qiymətləri gündəlik istehlak malları və xidmətlərə çəkilən xərclərlə yanaşı, mənzil kirayəsi xərclərini də birlikdə qiymətləndirir. İndeks ərzaq, nəqliyyat, kommunal xidmətlər, restoran qiymətləri və kirayə bazarı kimi əsas göstəricilər əsasında hesablanır. Məsələn, hər hansı şəhərin indeksi 60 olarsa, bu, həmin şəhərdə yaşayış və kirayə xərclərinin Nyu-Yorkla müqayisədə orta hesabla 40% daha aşağı olduğunu göstərir. Yəni, Nyu-York şəhərində yaşayış xərci və kirayə qiymətləri ayda 2 000 dollar təşkil edirsə, indeksi 60 olan ölkədə bu məbləğ 1 200 dollar olur. Bu yanaşma müxtəlif şəhərlərdə ümumi yaşayış xərclərinin müqayisəli şəkildə qiymətləndirilməsinə imkan verir.
Qeyd etdiyimiz kimi, siyahıya əsasən Sürix 101,1 indeks göstəricisi ilə dünyanın ən bahalı şəhəri olub. Baza şəhər olaraq göstərilən Nyu-York 100 indekslə ikinci, Kayman adalarının Corc Taun şəhəri isə 98,7 indekslə üçüncü yerdə qərarlaşıb.
Hesabatda Azərbaycanın paytaxtı Bakı da yer alıb. Bakı yaşayış xərci və kirayə indeksinə görə 546 şəhər arasında 462-ci sırada qərarlaşıb. Azərbaycan paytaxtının göstəricisi 23,5 olub.

Keçmiş SSRİ və region ölkələrində isə yaşayış xərci və kirayə indeksi aşağıdakı kimi olub:
Moskva (Rusiya) – 43,8;
Tallin (Estoniya) – 43,3;
Vilnüs (Litva) – 37,4;
Riqa (Latviya) – 36,7;
Sankt-Peterburq (Rusiya) – 32,1;
İrəvan (Ermənistan) – 31,4;
Ankara (Türkiyə) – 28,8;
Almatı (Qazaxıstan) – 28,5;
Tbilisi (Gürcüstan) – 28,1;
Kişinyov (Moldova) – 27,5;
Minsk (Belarus) – 24,5;
Kiyev (Ukrayna) – 23,7;
Astana (Qazaxıstan) – 23,6;
Bakı (Azərbaycan) – 23,5;
Daşkənd (Özbəkistan) – 22,7;
Tehran (İran) – 17,4.


Onu da bildirək ki, dünyada yaşayış xərci və kirayə qiymətlərinin ən yüksək olduğu 10 şəhər belə olab:
Sürix (İsveçrə) – 101,1;
Nyu-York (ABŞ) – 100,0;
Corctaun (Kayman adaları) – 98,7;
Cenevrə (İsveçrə) – 90,0;
San-Fransisko (ABŞ) – 88,7;
Honolulu (ABŞ) – 86,4;
Lütsern (İsveçrə) – 83,6;
Lozanna (İsveçrə) – 83,6;
Boston (ABŞ) – 83,5;
Bazel (İsveçrə) – 82,9.


Dünyada yaşayış xərci və kirayə indeksinin ən aşağı olduğu 10 şəhər isə belə olub:
Dehli (Hindistan) – 15,1;
Katmandu (Nepal) – 14,9;
Bandunq (İndoneziya) – 14,6;
Heydərabad (Hindistan) – 14,3;
Çittaqonq (Banqladeş) – 14,1;
Lahor (Pakistan) – 13,8;
Kəraçi (Pakistan) – 13,3;
İsgəndəriyyə (Misir) – 12,9;
Kəlküttə (Hindistan) – 12,4;
Rackot (Hindistan) – 11,0.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top