Ukrayna bir ayda ikinci dəfə Rusiyanın ən böyük kosmik rabitə mərkəzini vurub


Ukrayna iyunun 30-na keçən gecə Rusiyanın Moskva vilayətinə kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov hücumda azı 60 PUA-nın iştirak etdiyini bildirib.
Ukraynanın “Supernova” monitorinq kanalı isə Dubna şəhərində yerləşən Rusiyanın ən böyük kosmik rabitə mərkəzlərindən biri olan Dubna Peyk Rabitə Mərkəzinin yenidən hədəfə alındığını bildirib. Kanal Dubna çayı sahilindən çəkildiyi deyilən videogörüntüləri yayıb. Kadrlarda mərkəzin yerləşdiyi ərazidən tüstü qalxdığı görünür.
Kanalın məlumatına görə, hücum nəticəsində bir rus hərbçisi aldığı xəsarətlərdən ölüb. Andrey Vorobyov isə Dubnaya hücum edildiyini təsdiqləsə də, PUA qalıqlarının yalnız şəhərdəki inzibati binaya ziyan vurduğunu, hadisə zamanı ölən və ya yaralanan olmadığını iddia edib.
Qeyd edək ki, Dubna Peyk Rabitə Mərkəzi bundan əvvəl də iyunun 22-də hücuma məruz qalmışdı. Həmin vaxt Ukrayna tərəfi obyektdə güclü tüstü müşahidə olunduğunu bildirmişdi. Mərkəzin tabeliyində olduğu Rusiya Dövlət Kosmik Rabitə Şirkəti hücumu təsdiqləyərək televiziya yayımı və rabitə xidmətlərində fasilə olmadığını, əməkdaşların xəsarət almadığını açıqlamışdı.
Bununla belə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı həmin hücum nəticəsində mərkəzdə yerləşən 32 metrlik MARK-IV anten kompleksinə, modul sisteminə və bir neçə binaya ziyan dəydiyini açıqlayıb.
Məlumata görə, Dubna Peyk Rabitə Mərkəzi dövlət qurumları və kommersiya operatorları üçün televiziya yayımı, məlumat ötürülməsi və peyk rabitəsi xidmətləri göstərir və Rusiyanın mühüm informasiya infrastrukturunun tərkib hissəsi hesab olunur.
Bundan başqa, iyunun 24-nə keçən gecə Ukrayna PUA-ları Vladimir vilayətinin Qus-Xrustalnı şəhərində yerləşən Strateji Rabitə Mərkəzinə də zərbələr endirib. Ukrayna Baş Qərargahının məlumatına görə, hücum nəticəsində kompleksin iki binası zədələnib və yanğın baş verib. Bildirilir ki, həmin mərkəz peyk və dərin kosmik rabitə sistemlərinin fəaliyyətini təmin edir və Rusiya təhlükəsizlik strukturları tərəfindən istifadə olunur.

DİGƏR XƏBƏRLƏR

Top