Məktəblərdə telefondan istifadə qadağan edildi – Rəsmi qərar


Təhsilalanların dərs (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağan olunub.
Yenaiavz.com
xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.
Qərara əsasən, təhsilalanlar müəssisənin ərazisində mobil və elektron cihazlardan yalnız zəruri hallarda (təbii fəlakət və digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı və s.) informasiya mübadiləsi üçün istifadə edə bilərlər.
Qərarda qeyd olunur ki, təhsilalanlar tərəfindən məktəbə gətirilən mobil və digər elektron cihazlar dərs (məşğələ) başa çatanadək müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş saxlama yerlərində (mobil qutular, şkaflar və s.) söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır.
Bildirilir ki, qaydaların pozulması halları aşkar edildikdə müəssisə rəhbərliyi 1 iş günü ərzində təhsilalanın valideynini (və ya digər qanuni nümayəndəsini) bu barədə məlumatlandırmalıdır.
“Bununla yanaşı, təhsilalanla fərdi profilaktik söhbətin aparılması, valideynin (və ya digər qanuni nümayəndənin) məktəbə dəvət olunaraq təhsilverənlərin iştirakı ilə müzakirənin keçirilməsi, həmçinin təhsilalanın məktəbdənkənar fəaliyyətlərə və tərbiyəvi tədbirlərə cəlb edilməsi kimi qabaqlayıcı tədbirlər həyata keçiriləcək”, - sənəddə qeyd olunub.
Qeyd edək ki, qərarın icrasına nəzarət nazir müavini Həsən Həsənliyə tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top