
FIFA Dünya Kuboku idman tarixinin ən böyük və ən nüfuzlu futbol turniri hesab olunur.
Yeniavaz.com xəbər verir ki, 1930-cu ildə Uruqvayda keçirilən ilk mundialdan bu günə qədər yarış müxtəlif qitələrdə təşkil olunub və zaman keçdikcə təkcə idman hadisəsi deyil, həm də qlobal iqtisadi və mədəni fenomenə çevrilib.
Dünya Kubokuna ev sahibliyi etmək ölkələr üçün beynəlxalq nüfuzun artırılması, turizm potensialının genişləndirilməsi və infrastrukturun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Tarixə nəzər saldıqda məlum olur ki, Meksika FIFA Dünya Kubokuna ən çox ev sahibliyi edən ölkədir. Ölkə 1970 və 1986-cı illərdə mundialı qəbul edib, 2026-cı ildə isə ABŞ və Kanada ilə birlikdə turnirə üçüncü dəfə ev sahibliyi edəcək. Bununla da Meksika Dünya Kuboku tarixində bu rekorda imza atan ilk ölkə olacaq.
Bundan başqa, İtaliya (1934, 1990), Fransa (1938, 1998), Almaniya (1974, 2006) və Braziliya (1950, 2014) hər biri iki dəfə Dünya Kubokunu təşkil edib. Argentina, İspaniya, Cənubi Afrika, Rusiya və Qətər isə mundiala bir dəfə ev sahibliyi edən ölkələr sırasındadır.
FIFA növbəti iki dünya çempionatının ev sahiblərini də rəsmən təsdiqləyib. 2030-cu il Dünya Kuboku İspaniya, Portuqaliya və Mərakeşin birgə təşkilatçılığı ilə keçiriləcək. Turnirin 100 illiyi münasibətilə isə bir oyun Uruqvay, Argentina və Paraqvayda baş tutacaq. Beləliklə, 2030-cu il mundialı altı ölkədə və üç qitədə keçirilən ilk Dünya Kuboku kimi tarixə düşəcək.
2034-cü il FIFA Dünya Kubokuna isə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək. Qərar 2024-cü ilin dekabrında FIFA-nın fövqəladə Konqresində təsdiqlənib. Bununla da Səudiyyə Ərəbistanı Qətərdən sonra Yaxın Şərqdə müstəqil şəkildə Dünya Kubokunu qəbul edən ikinci ölkə olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz