
Almaniyanın Leypsiq şəhərində müşahidə olunan anomal istilər səbəbindən tramvayların hərəkəti tamamilə dayandırılıb.
Yeniavaz.com xəbər verir ki, “Der Spiegel”in məlumatına görə, məhdudiyyətlərin bazar ertəsi səhərinədək qüvvədə qalacağı bildirilir.
Şəhərin nəqliyyat operatoru LVB-nin açıqlamasında qeyd olunub ki, havanın temperaturunun 40°C-yə yaxınlaşması nəticəsində asfalt və beton bağlayıcı material əriyərək tramvay relslərinə axıb. Bu isə hərəkətin təhlükəsizliyini təmin etməyi mümkünsüz etdiyindən bütün tramvay marşrutları üzrə xidmət müvəqqəti dayandırılıb.
Bildirilib ki, avtobuslar adi rejimdə fəaliyyətini davam etdirir. Bununla yanaşı, sərnişinlərdən marşrut və cədvəllərdə mümkün dəyişiklikləri nəzərə almaları xahiş olunub. Tramvayların hərəkətinin iyunun 29-u səhər saatlarında bərpa ediləcəyi gözlənilir.
Rekord istilər Almaniyanın digər bölgələrində də gündəlik həyata təsir göstərir. Hamburqda kommunal xidmətlər ilin əvvəlindən bəri ən yüksək gündəlik su istehlakının qeydə alındığını açıqlayıb. Bununla belə, səlahiyyətlilər göstəricilərin mövsümi proqnoz çərçivəsində qaldığını bildiriblər.
İstilik dalğası fonunda Bundestaqda Yaşıllar Partiyası xəstəxanalar, qocalar evləri, məktəblər və uşaq bağçalarında kondisioner sistemlərinin quraşdırılması üçün genişmiqyaslı proqramın dərhal həyata keçirilməsinə çağırıb. Partiya nümayəndələri bu təşəbbüsün günəş panellərinin quraşdırılması ilə paralel şəkildə icra olunmasının daha səmərəli olacağını vurğulayıblar.
Son günlər Almaniyada yeni temperatur rekordları da qeydə alınıb. Saksoniya-Anhalt əyalətində havanın temperaturu 41°C-ni ötüb, Berlində isə 39,2°C ölçülərək 2015-ci ilin rekordunu yeniləyib. Paytaxtda polis hətta sakinləri sərinlətmək məqsədilə su şırnaqlarından istifadə edib.
Avropanı əhatə edən istilik dalğası Danimarkaya da təsir göstərib. İyunun 27-də ölkədə son 150 ildən artıq müddətdə qeydə alınan ən yüksək iyun temperaturu – 36,6°C ölçülüb.
Tətbiqimizi yükləyə bilərsiniz