Dünyanın ən uzun birbaşa sərnişin reysi gələn il açılacaq


Avstraliyanın “Qantas” aviaşirkəti Sidney-London marşrutunun “Project Sunrise” layihəsi çərçivəsində həyata keçiriləcək ilk reys olacağını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, dünyanın ən uzun birbaşa sərnişin reysinin 2027-ci ilin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır.
16 min kilometr uzunluğu olan bu marşrut tarixdə ilk dəfə Sidney və London şəhərlərini ara dayanacaq olmadan birləşdirəcək. Uçuşun 19-22 saat davam edəcəyi gözlənilir.
“Qantas” bu reyslər üçün xüsusi modifikasiya olunmuş “Airbus A350-1000ULR” təyyarəsini təqdim edib. Təyyarə əlavə 20 min litrlik yanacaq çəni ilə təchiz olunub. Bu isə ona 22 saata qədər fasiləsiz uçaraq 16 min kilometr məsafə qət etməyə imkan verir. Şirkət ümumilikdə 12 belə təyyarə alacaq.
Standart “Airbus A350-1000” təyyarəsi 480 sərnişin daşıya bilsə də, yeni modifikasiya edilmiş modeldə cəmi 238 sərnişin üçün yer olacaq. Onlardan 140-ı ekonom sinifdə səyahət edəcək.
“Project Sunrise” çərçivəsində növbəti birbaşa marşrutun Sidney-Nyu-York olacağı da təsdiqlənib. Bu reysin başlama tarixi isə gələn il açıqlanacaq.
Hazırda dünyanın ən uzun planlaşdırılan birbaşa sərnişin reysi Sinqapur və Nyu-York arasında həyata keçirilir. Bu marşrut 15 min 349 kilometr uzunluğundadır və təxminən 19 saat davam edir.
Hazırda ekonom sinif sərnişinlərinin fasiləsiz uça bildiyi ən uzun marşrut isə “Qantas”ın London-Pert reysidir. Bu uçuşun uzunluğu 14 min 499 kilometr, müddəti isə 16-18 saatdır.
“Qantas”ın ikinci “Airbus A350-1000ULR” təyyarəsi artıq ilk sınaq uçuşunu həyata keçirib və hazırda səkkiz həftəlik sınaq və sertifikatlaşdırma proqramından keçir.

DİGƏR XƏBƏRLƏR

Top