“Sehrli ulduz”


Üç gün idi ki, yay tətilinə çıxmışdılar. Həmişə yatdığı vaxtdan xeyli keçməsinə baxmayaraq hələ də gözünə yuxu getmirdi. Baş tərəfindəki pəncərənin qarşısında gilas ağacının budaqları sallanır, sanki şirin meyvələrini ona doğru uzadaraq “gəl-gəl” deyirdi. Bu qəribə mənzərəyə tamaşa edirdi ki, budaqların arxasında bir ulduz gördü. Balaca oğlan gecələr ulduzlara həmişə babası ilə bir yerdə tamaşa edirdi. Ancaq ilk dəfə idi ki, belə gözəl bir ulduz görürdü. Tez yatağından qalxıb pəncərəyə yaxınlaşdı. Ulduz sanki onu görüb gülümsədi. O da bu təbəssümə təbəssümlə cavab verdi. Oğlan yastığını çarpayının ayaq tərəfinə qoyub elə uzandığı yerdən ulduza tamaşa etməyə başladı. Bir anlığa ürəyindən kosmonavt olmaq və o ulduza uçmaq keçdi. Ancaq elə o andaca babasının dediyi sözlər yadına düşdü: “Bir ulduza çatmaq üçün bir insan ömrü çox azdır”. Elə isə ən yaxşısı astronom olmaq və indiyə qədər görmədiyi bu ulduza böyük bir teleskopla baxmaq idi. Hətta bu barədə kitablar yazmaq, insanları xəyalən də olsa, o ulduza aparmaq olardı. Balaca oğlan gündüzlər şüşə kürəcikləri ilə oynayırdı. İndi onun gözündə bu kürəciklər də hərəsi bir ulduza çevrilmişdi.
Ertəsi gecə oğlan yenə pəncərənin qarşısına keçdi. İndi onun əlində ulduzlar haqqında böyük bir kitab var idi. Sonralar o ulduzlarla bağlı jurnallarla maraqlanmağa başladı. Valideynləri uşaqlarındakı bu dəyişikliyi hiss etsələr də, heç bir şey başa düşə bilmirdilər. Halbuki hərəsinin uşaqları ilə bağlı öz arzusu var idi. Məsələn, anası onun məşhur həkim, atası isə məşhur iş adamı olmasını istəyirdi.
Uzun çək-çevirdən sonra uşaqdakı dəyişikliyin sirrini öyrəndilər. Atası oğlunun kəşf etdiyi ulduzu görmək istəsə də, bu heç də balaca oğlanın ürəyincə olmadı. Ancaq atası fikrində qəti idi. Nəhayət o, ulduzu göstərməyə razı oldu. İstəksiz addımlarla pəncərəyə yaxınlaşdı. Ürəyində dua etdi ki, ulduz heç olmasa bu dəfə yerində olmasın. Ancaq sevimli ulduzu əvvəlki kimi yenə də yerində idi. Barmağını uzadıb ulduzu atasına göstərdi. Atası əvvəlcə gülümsədi, sonra pəncərəni açıb oğlunun böyük xəyallar qurduğu o “ulduzu” ovcuna götürdü: “Al, bu da sənin sehrli ulduzun!” - deyib ovcunu açdı. Atasının ovcunda balaca bir atəşböcəyi var idi.
Bir anlığa bütün bədəni lərzəyə gəldi. Bütün xəyalları bir göz qırpımında alt-üst oldu. Atası otaqdan çıxandan sonra səssizcə çarpayısının üstündəki jurnalları yığıb yerinə qoydu. Şüşə kürəciklərini çıxarıb yerə boşaltdı. İndi bu kürəciklər ona əvvəlkindən də sönük görünürdü. Sanki bu kürəciklərin də işığı azalmışdı. Balaca oğlan cəld bir hərəkətlə kürəcikləri yığıb pəncərədən həyətə atdı. Artıq o gündən pəncərənin pərdələri də açılmadı. Otaqdan isə əvvəlki kimi yenə də ucuz oyuncaqların səsləri gəlirdi...

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top