Qadınların kişilərdən çox danışdığı “sübut” olundu – Yeni araşdırma


Qadınların kişilərdən daha çox danışdığına dair geniş yayılmış fikir yalnız müəyyən yaş dövrü üçün doğru ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Journal of Personality and Social Psychology” jurnalında dərc olunan araşdırmada bildirilib.
Tədqiqat çərçivəsində 10-94 yaş aralığında olan 2197 nəfərin məlumatları təhlil edilib. Alimlər dörd ölkədə aparılmış 22 ayrı tədqiqatdan əldə olunan 630 mindən çox səs yazısını araşdırıblar.
Nəticələr göstərib ki, 25-65 yaş aralığındakı qadınlar kişilərdən gündə orta hesabla təxminən 3 min söz çox danışırlar. Belə ki, bu yaş qrupunda qadınlar gündə orta hesabla 21 min 845, kişilər isə 18 min 570 söz işlədiblər.
Araşdırmada yeniyetmələr (10-17 yaş), gənclər (18-24 yaş) və 65 yaşdan yuxarı şəxslər arasında isə qadınlarla kişilərin danışdığı söz sayı baxımından əhəmiyyətli fərq aşkar edilməyib.
Tədqiqat müəllifləri hesab edirlər ki, 25-65 yaş dövründə müşahidə olunan fərqin səbəblərindən biri qadınların uşaqların tərbiyəsində və ailə qayğısında daha çox iştirak etməsi ola bilər.
Araşdırma zamanı insanların ümumilikdə əvvəlki illərlə müqayisədə daha az danışdığı da müəyyən olunub. Məlumata görə, 2005-ci ildə insanların gündəlik danışdığı sözlərin orta sayı təxminən 16 min olduğu halda, 2018-ci ildə bu göstərici 13 minə enib.
Alimlər bu azalmanın səbəblərindən birinin mesajlaşma tətbiqləri və sosial şəbəkələr kimi rəqəmsal ünsiyyət vasitələrinin daha geniş yayılması ola biləcəyini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top