
“OpenAI” (“ChatGPT”nin təsisçisi) ilkin kütləvi təklifini (IPO) 2027-ci ilə qədər təxirə salmaq fikrindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti müzakirələrdə iştirak edən üç mənbəyə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, “OpenAI” 2026-cı ilin üçüncü və ya dördüncü rübündə IPO-ya hazırlaşmaq üçün investisiya bankirlərini və hüquqşünaslarını işə götürüb və baş direktor Sem Altman məsləhətçilərə şirkətin dəyərini 1 trilyon dollara çatdırmağın yolunu tapmağı tapşırıb. Lakin şirkət rəhbərliyi indi bu planlardan imtina etməyi düşünür.
Bu qərara İlon Maskın şirkəti olan “SpaceX”in 85 milyard dollardan çox vəsait topladığı IPO-su təsir göstərib. Lakin, onun səhmləri daha sonra düşməyə başlayıb və 25 iyun ticarətinin bağlanışında, 202 dollarlıq maksimumdan sonra 153 dollara düşüb. Bundan əlavə, qlobal bazar dəyişkənliyi davam edir və investorlar getdikcə süni intellekt şirkətlərinin qiymətləndirmələrində yer alan yüksək gözləntiləri doğrulda bilib-bilməyəcəyini şübhə altına alırlar.
İki mənbəyə görə, məhz buna görə “OpenAI” məsləhətçiləri rəhbərliklə müzakirələr zamanı onun səhmlərinin pərakəndə investorlar tərəfindən çox maraq doğurmayacağı barədə xəbərdarlıq ediblər.
Şirkətin məsləhətçiləri rəhbərliyə iki seçim təklif etdilər: 1 trilyon dollar dəyərləndirməyə nail olmaq üçün IPO-nu 2027-ci ilə qədər təxirə salmaq və ya IPO-nu sürətləndirmək üçün hədəf dəyərini aşağı salmaq. NYT mənbələrindən birinə görə, Altman 1 trilyon dollardan aşağı dəyərləndirmənin belə nəzərdən keçirilmədiyini açıq şəkildə bildirib.
Qeyd edək ki, üç böyük texnologiya nəhəngi - “SpaceX”, “Anthropic” (“Claudie”nin təsisçisi) və “OpenAI” - 2026-cı ildə IPO-lar planlaşdırırdılar. İyun ayının əvvəlində ilkin kütləvi təklif keçirən və 75 milyard dollar cəlb edən İlon Maskın şirkəti birinci olub. Ticarətin başlamasından sonra Mask tarixdə ilk dollar trilyoneri oldu, lakin sonra səhm qiyməti düşməyə başladı.
Tətbiqimizi yükləyə bilərsiniz