
Xalqımızın qəlbində əbədi yaşayan qəhrəmanlarımız heç vaxt unudulmur. Xüsusilə şəhid anası olmaq, övlad həsrəti ilə yaşamaq çox ağır və eyni zamanda şərəfli bir duyğudur. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların həyat və döyüş yollarını yad etmək hər birimizin borcudur. Bizim borcumuz şəhidlərin xatirəsini yalnız anım günlərində deyil, hər zaman yaşatmaqdır.
Bu borcumuza sadiq qalaraq, 33 ildən sonra nəşi tapılan şəhid Şahin Heydər oğlu Kərimovun anası Şəfaqət xanımla görüşdük. Ananın ilk kəlməsi o oldu ki, onun qəhrəman oğlunu da hamı tanısın. Çünki 33 il ərzində onun itkin düşən oğlundan heç bir xəbər yox idi:

“O, yoldaşları ilə birlikdə 80 nəfər vətəndaşı xilas etmişdi. O vaxt bütün Kəlbəcər çıxsa da, onların zastavası çıxmamışdı. Onlar Kəlbəcərin kəndlərində qalan 80 nəfəri də götürüb Murov dağın aşaraq, ac-susuz Meydançaya gəlib çatıblar. Görüblər ki bir dam var, tüstü gəlir. Komandir oğlumu göndərib kəşfiyyata. Bu da gedib qapını açanda görüb ki, içəridəki ermənidir. Oradan haraylayıb ki, qaçın, ermənilər sizi vuracaq. Hamı qaçıb gizlənib, mənim oğlum qaça bilməyib. Arxadan atəş açaraq ayağından vurublar. Bir neçə gün sonra bir-bir, iki-iki hamı gəldi, amma mənim oğlum gəlmədi. Torpaqlarımız geri alındıqdan sonra yoldaşları onun nəşini gedib tapıblar...”
Ana indi təsəllini Şəhidlər xiyabanına gələrək oğlunun məzarı başında tapır. Deyir ki, uzun illər oğlunun itkinlər sırasında olması ona böyük bir həsrət yaşadıb, artıq bu həsrətə son qoyulub:
“Heç kimə itkin yolu gözləməyi arzulamıram. Bundan böyük dərd yoxdur. Mən 32 il bu dərdi çəkmişəm. Fevralın 19-da xəbər verdilər ki, oğlunun nəşi tapılıb. 20 Yanvarda gedib itkinlər cərgəsində durub ağlayırdım. Ağlayırdım, ağlayırdım, qayıdıb gəlirdim. Sağolsun dövlətimiz, tapıb gətirdilər balamı. Ürəyim istəyəndə gedib ziyarət edirəm.

Şəhid anası… Bu sözün içində həm böyük bir qürur, həm də sonsuz bir həsrət gizlənib. O, övladını Vətən üçün qurban verən, lakin hər gecə övladının ətrini yastığında axtaran bir anadır. Oğlu haqqında danışarkən göz yaşlarına hakim ola bilmir, məktublarına baxıb təsəlli alır. Onun göz yaşları dinmir, amma ürəyində bir təsəlli var – övladının adı tarixdə əbədi yaşayacaq. Ancaq ana başqa bir şeydən qorxur: unudulmaqdan. Övladının qəhrəmanlığının və fəda etdiyi ömrün heç zaman yaddaşlardan silinməsini istəmir.
“Mənim oğlum qəhrəmandır. Sinəsini qabağa verərək 80 nəfəri xilas edib. Daha əvvəl də Ağdamda ayağından yaralanmışdı. Əvvəl hospitalda, Gəncədə müalicə almışdı, sonra da evə gəlmişdi. Dedi qayıdacam. Nə qədər yalvardıq, xeyri olmadı. Dedi, mən yoldaşlarımı qoyub gəlmişəm. Elə qayıtdı da...”

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Kərimov Şahin Heydər oğlu uzun illərdən sonra tapılaraq Mingəçevir Şəhidlər xiyabanında dəfn edilib. O, döyüş əməliyyatları zamanı 80 nəfərin xilas olması üçün qəhrəmanlıq göstərərək şəhid olub. Nəşi aşkarlanıb ailəsinə təhvil verildikdən sonra doğulduğu şəhərdə torpağa tapşırılıb.
Qeyd edək ki, əslən Kəlbəcər rayonunun Zar kəndindən olan Ş.Kərimov 1972-ci il dekabr ayının 14-də Mingəçevir şəhərində doğulub. Mingəçevir 14 saylı məktəbin məzunu olub. Şahin dərs əlaçısı idi, attestat qiymətləri də əla olmuşdu. Arzusu həkim olmaq idi. Lakin onun bu arzusu yarımçıq qaldı...

Şahin Kərimov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başladığı bir dövrdə könüllü şəkildə ordu sıralarına qoşulub və Kəlbəcərdə gedən döyüşlərdə iştirak edib. O, 1993-cü il aprelin 4-də Murovdağda gedən ağır döyüşlər zamanı yaralanıb və onu döyüş meydanından çıxarmaq mümkün olmadığı üçün həmin tarixdən itkin düşüb. Beləliklə, Şahin 19 yaşında şəhidlik zirvəsinə ucalıb.
Onun nəşinin qalıqları Kəlbəcər işğaldan azad edildikdən sonra aşkarlanıb. Aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra şəxsiyyəti müəyyən edilərək ailəsinə təhvil verilib. Şəhid, ailə üzvlərinin istəyinə əsasən, Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz