
Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə çox sıx və fəal əməkdaşlıq edir.
Yeniavaz.com “Armenpress” agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 25-də hökumətin iclasında bildirib.
“Avrasiya İqtisadi İttifaqı bir neçə konseptual prinsip üzərində qurulub: işçi qüvvəsinin, malların, xidmətlərin və maliyyənin sərbəst hərəkəti. Əgər bunlar yoxdursa, deməli, Aİİ mövcud deyil. Biz mövcuduq və Avrasiya İqtisadi İttifaqının üzvüyük. İndi Aİİ bu suala aydın cavab verməlidir: o, mövcuddur, yoxsa yox? Əgər birbaşa və ya dolayı yolla mövcud olmadığını deyirsə, onda biz nə edə bilərik?”, - Baş nazir qeyd edib.
O, Avrasiya İqtisadi İttifaqı formatında müzakirə ediləcək məsələlər olduğunu və yaxın vaxtlarda Aİİ daxilində yaranmış vəziyyətlə bağlı müzakirələrə başlayacağını qeyd edib.
Paşinyan həmçinin qeyd edib ki, Aİİ üzrə tərəfdaşlarına onun iştirakı olmadan qəbul edilmiş Ermənistanla bağlı bəyanatla əlaqədar sualları var.
“Əlbəttə ki, həmkarlarımıza mənim yoxluğumda qəbul etdikləri bəyanatla bağlı suallarım var və bunun praktikada nə demək olduğunu anlamalıyıq. Başqa sözlə, biz anlamalıyıq ki, hər hansı bir Aİİ ölkəsi hər hansı bir Aİİ ölkəsi ilə bağlı belə qərarlar qəbul edə bilərmi? Mənim qiymətləndirməmə görə, əgər bu sualın cavabı bəlidirsə, deməli, Aİİ özünü ləğv etdiyini elan edir. Və biz artıq buradan nəticə çıxarmalıyıq”, - deyə Paşinyan bildirib.
Ermənistanın Baş naziri həmçinin bildirib ki, Aİİ üzvlərindən hər hansı birinin digər üzv ölkəyə qarşı birtərəfli qərarlar qəbul etməsi təşkilatın mahiyyətinə ziddir.
Tətbiqimizi yükləyə bilərsiniz