
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 114 müəssisə və təşkilatda doktoranturalar fəaliyyət göstərib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 40 ali təhsil müəssisəsi və 74 elmi müəssisə və təşkilatda ümumilikdə 3123 nəfər doktorant təhsil alır.
Onların 50,9 faizini qadınlar təşkil edir. Təhsil alanların 85 faizi fəlsəfə doktoru, 15 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alır.
Doktorantların 66 faizi ali təhsil müəssisələrində, 34 faizi isə elmi müəssisə və təşkilatlarda təhsil alır.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2653 nəfərin ən böyük hissəsi iqtisad (470 nəfər), texnika (454 nəfər), filologiya (248 nəfər), tibb (191 nəfər), pedaqogika (152 nəfər) və biologiya (130 nəfər) sahələrinin payına düşür. Bundan başqa, siyasi elmlər üzrə 120, hüquq üzrə 115, tarix və yer elmləri üzrə hər birində 110, kimya üzrə 82, riyaziyyat üzrə isə 80 nəfər təhsil alır.
Elmlər doktoru proqramında isə filologiya (75 nəfər), biologiya (64 nəfər), iqtisad (47 nəfər) və texnika (40 nəfər) sahələri üstünlük təşkil edir. Həmçinin kimya və tarix üzrə hər birində 28, hüquq üzrə 27, tibb üzrə 26, yer elmləri üzrə 21, aqrar elmlər üzrə 19, pedaqogika üzrə 17, fizika üzrə 13 və riyaziyyat üzrə 11 nəfər təhsil alır.
2025-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış əvvəlki illə müqayisədə 41,4 faiz artaraq 707 nəfərə, elmlər doktoru proqramı üzrə isə 30,1 faiz artaraq 173 nəfərə çatıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz