
ABŞ və İran müvəqqəti fasilədən sonra ikitərəfli anlaşma memorandumunun həyata keçirilməsi ilə bağlı ekspertlər səviyyəsində danışıqları gələn həftə bərpa edəcək.
Yeniavaz.com “Agence France-Presse” agentliyinə (AFP) istinadla xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tahir Andrabi bildirib.
“İnanıram ki, danışıqlar gələn həftə, iyunun 30-da davam edəcək”, - deyə diplomat qeyd edib.
Andrabi danışıqların harada keçiriləcəyini açıqlamayıb.
“İsveçrədə ABŞ və İran nümayəndələri arasında əvvəlki məsləhətləşmələr dialoq və diplomatiyanın mübahisələrin və münaqişələrin həlli üçün ən yaxşı yol olduğunu təsdiqləyib. Pakistan və Qətər ABŞ və İranla əlaqələrini davam etdirəcək, ABŞ-İran sülh dialoqunu asanlaşdırmaq üçün danışıqlarda vasitəçi rolunu oynayacaqlar", - deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ-İran Anlaşma Memorandumunun həyata keçirilməsi ilə bağlı yüksək səviyyəli danışıqlar 21 iyun tarixində İsveçrənin Burgenşok şəhərində Pakistan və Qətər vasitəçilərinin köməyi ilə baş tutub. ABŞ tərəfini ABŞ-nin vitse-prezidenti C.D. Vens, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner təmsil edib. İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi daxil olub. Tərəflər 22 iyunda başlayan ekspert səviyyəli məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Tətbiqimizi yükləyə bilərsiniz