Messinin 39 yaşı tamam oldu


Bu gün, 24 iyun Argentina millisinin və Amerika “İnter Mayami”sinin hücumçusu Lionel Messinin 39 yaşı tamam olur.
Yeniavaz.com
xəbər verir ki, argentinalı ən böyük şöhrətini və populyarlığını İspaniya çempionatını və Çempionlar Liqasını qazandığı, eyni zamanda “Qızıl Top”un qalibi olduğu “Barselona”dakı çıxışları ilə qazanıb.
Hazırda davam edən 2026-cı il Dünya Kubokunda isə Messi turnirin bütün dövrlərin ən çox qol vuran oyunçusu kimi tarixə düşüb. Belə ki, iyunun 22-də Argentina millisi Dünya Kubokunun qrup mərhələsinin ikinci turunda Avstriyanı məğlub edib. Messi 9-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməsə də, 39-cu dəqiqədə hesabı açıb. O, 90+5-ci dəqiqədə ikinci qolunu vuraraq qələbəni təmin edib. Bu qol onun Dünya Kubokunda vurduğu 18-ci qol olub və Almaniya millisinin keçmiş hücumçusu Miroslav Klozeni (16 qolu var) geridə qoyub.
Qeyd edək ki, 39 yaşlı Messi 2023-cü ildən Böyük Amerika Liqasının (MLS) “İnter Mayami” komandasında çıxış edir. Avropada argentinalı futbolçu PSJ və “Barselona” komandalarında oynayıb və orada dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və üç dəfə FİFA Klublararası Dünya Kubokunu qazanıb. Hücumçu Dünya Çempionu (2022), Olimpiya çempionu (2008) və iki dəfə Amerika Kuboku qalibidir (2021, 2024). Messi həmçinin ən çox “Qızıl Top” mükafatına (8) sahib futbolçudur.

DİGƏR XƏBƏRLƏR

Top