
Türkiyə Futbol Federasiyası (TFF) Paraqvaya qarşı matçın yenidən keçirilməsi ilə bağlı FİFA-ya müraciət edib.
Yeniavaz.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, buna səbəb Türkiyə-Paraqvay oyununun 45-ci dəqiqəsində rəqib oyunçu Matias Qalarzanın hakim İvan Bartonun yerə düşən saatını götürərək qoluna taxması olub.
Belə ki, artıq bir sarı vərəqəsi olan oyunçunun sonradan saatı hakimə qaytardığı iddia edilsə də, bu, kameralarda öz əksini tapmayıb.
Hüquq mütəxəssisləri FİFA qaydalarına uyğun olaraq, hakimin nüfuzuna xələl gətirən və oyunu düzgün idarə etməsinə mane olan hərəkət və davranışların matçın təkrar keçirilməsini zəruri etdiyini bildiriblər və “Görüşün təkrarlanması ehtimalı azdır, ancaq belə bir ehtimal mövcuddur” deyə, bununla bağlı TFF prezidenti İbrahim Hacıosmanoğluna müraciət ediblər.
TFF prezidenti isə 1 faizlik ehtimal olsa belə, belə bir addımı atmağı qərara alıb. O, FİFA ilə əlaqə saxlayıb və İnfantinoya vəziyyət barədə məlumat verib.
FİFA-nın TFF-yə göndərdiyi cavabda isə aşağıdakılar qeyd olunub:
“Təlimatlar aydındır və sizin irəli sürdüyünüz fikirlərdə və faktlarda müəyyən haqlılıq payı var. Lakin bu, hakimin öz vəzifəsini yerinə yetirməməsi və ya zəiflik nümayiş etdirməsi iddiasını təsdiq etmir. Hakimin ikinci saatı olduğu üçün, bu, mövcud vəziyyətdə hər hansı şübhə ehtimalını aradan qaldırır”.


Tətbiqimizi yükləyə bilərsiniz