
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi İran milli komandasına qoyulan məhdudiyyətləri yumşaldıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, bu, İran tərəfinin Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA) şikayət etmək barədə bəyanatından sonra baş verib.
İran millisinin Dünya Kuboku zamanı düşərgəsi Meksikada yerləşir. Buna görə də, Amerika tərəfinin tələbi ilə komanda əvvəlki oyunlarda oyundan cəmi 24 saat əvvəl gəlir və həmin axşam geri qayıdırdı. Bu dəfə onlara iyunun 27-də Misirlə keçiriləcək oyundan iki gün əvvəl Sietlə gəlmək üçün icazə verilib.
Nazirlik nümayəndəsi telekanala bildirib ki, buna baxmayaraq onlardan matçın bitdiyi günün axşamı Sietli tərk etmələri xahiş olunacaq.
Qeyd edək ki, İran Dünya Kubokunun qrup mərhələsində Yeni Zelandiya (2:2) və Belçika (0:0) ilə heç-heçə edib. Hazırda komanda G qrupunda iki xalla ikinci yerdədir. 27 iyunda iranlılar qrup lideri Misirlə (4 xal) qarşılaşacaqlar.
Xatırladaq ki, Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilir və 19 iyulda başa çatacaq. Turnirdə ilk dəfə olaraq 12 qrupa bölünmüş 48 komanda iştirak edir. Hər qrupdan ilk iki komanda və üçüncü yeri tutan səkkiz ən yaxşı komanda pley-offa yüksələcək. Hazırkı Dünya Kuboku çempionu Argentina millisidir.
Tətbiqimizi yükləyə bilərsiniz