
“Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırırıq”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
“Bilet satışı hər zaman 30 günlük dövrü əhatə edir. Yəni hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır. Bundan əvvəl kassalarda və onlayn sistemdə satış prosesi saat 00:30-dan sonra aktiv olurdu. Həmin saatdan etibarən yüklənməni nəzərə alaraq, artıq biletlər hər növbəti 30-cu gün üçün fərqli saatlarda sistemdə əks olunur.
Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Ona görə də sərnişinlərimizə səyahət tarixinə uyğun biletləri mütəmadi olaraq yoxlamağı tövsiyə edirik.
Sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və müvafiq olaraq satışa yeni biletlər təqdim edilib. Hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər, o cümlədən əlavə satışa çıxarılan bütün biletlər də qısa müddətdə satılıb. Bildiyiniz kimi, mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur. Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırırıq”, - deyə A. Fərəcov bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz