
ABŞ hakimiyyəti 1912-ci ilin aprelində Atlantik okeanında batan əfsanəvi “Titanik” gəmisinin qalıqlarından tapılan 100-dən çox artefaktın hərraca çıxarılmasını qadağan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məhkəmə sənədlərinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, gəmidən çıxan artefaktları bərpa etmək hüququna malik olan “RMS Titanic Inc.” şirkəti onları yalnız muzeylərdə və səyyar sərgilərdə nümayiş etdirmək barədə müqavilə bağlasa da, bu müqaviləyə zidd olaraq onları hərracda satmağı planlaşdırıb. Agentlik Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin (NOAA) ABŞ-nin maraqlarını təmsil etdiyini və batan əraziyə nəzarət etdiyini bildirərək, belə bir satışın “RMS Titanic Inc.”in “Titanik” qarşısındakı qanuni öhdəliklərini pozacağını qeyd edib.
Qeyd edək ki, şirkət bundan əvvəl də gələcək tədqiqatları maliyyələşdirmək və maliyyə çətinliklərini aradan qaldırmaq üçün şəxsi əşyalardan, əskinaslardan və mebellərdən ibarət artefaktların satışını təşkil etməyə çalışıb, lakin bu cəhdlər Amerika məhkəmələrinin, eləcə də mədəni irs təşkilatlarının və qurbanların qohumlarının güclü müqaviməti ilə qarşılaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz