
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası 2012-ci il London Olimpiadasında 800 metr məsafəyə qaçış üzrə nəticələrin yenidən nəzərdən keçirildiyini və medalların yenidən bölüşdürüldüyünü elan edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, qərara əsasən, həmin Olimpiadada gümüş medal qazanan rusiyalı idmançı, azərbaycanlı dünya çempionu Ramil Quliyevin həyat yoldaşı Yekaterina Quliyevanın (keçmiş soyadı Poistoqovadır) nəticələri ləğv olunub və o, Olimpiya medalından məhrum edilib.
İcraiyyə Komitəsinin bildirdiyinə görə, rəsmi nəticələr, Y.Quliyevanın London Olimpiadasında antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilməsindən sonra Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən dəyişdirilib.
Qeyd edək ki, 2012-ci il Olimpiya Oyunlarında Yekaterina Quliyeva 800 metr məsafəyə qaçışda bürünc medal qazansa da, həmin yarışda birinci yeri tutan rusiyalı Mariya Savinovanın antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilməsindən sonra gümüş medal ona təqdim edilmişdi. İndi isə Y.Quliyeva da medaldan məhrum edildiyi üçün qərara əsasən gümüş medal keniyalı Pamela Celimoya, bürünc medal isə amerikalı Alisiya Montanoya təqdim ediləcək.
Xatırladaq ki, Yekaterina Quliyeva azərbaycanlı idmançı Ramil Quliyevlə 2019-cu ildə ailə həyatı qurub. 2021-ci ildən isə o da Ramil Quliyev kimi beynəlxalq arenada Türkiyəni təmsil etməyə başlayıb. Ramil Quliyev 200 metr məsafəyə qaçış üzrə 2017-ci il dünya çempionudur.

Tətbiqimizi yükləyə bilərsiniz