
Ailə üzvlərinin yemək zamanı smartfon və digər elektron cihazlardan istifadə etməsi valideyn-uşaq ünsiyyətinə mənfi təsir göstərə bilər.
Yeniavaz.com CNN-ə istinadən xəbər verir ki, 350-dən çox valideyn arasında aparılan sorğuya əsasən, iştirakçıların 75 faizdən çoxu ailə yeməyi zamanı hər hansı cihazdan istifadə etdiyini bildirib. Ən çox istifadə olunan cihaz isə smartfonlar olub.
Araşdırma göstərib ki, 4-10 yaşlı uşaqların təxminən 70 faizi də yemək vaxtı müxtəlif elektron cihazlardan istifadə edir.
Professor Marci Skinin sözlərinə görə, ailə yeməklərinin əsas üstünlüyü süfrədəki yeməkdən deyil, ailə üzvlərinə bir-biri ilə ünsiyyət qurmaq və hisslərini bölüşmək imkanı yaratmasından irəli gəlir.
Mütəxəssislər bildirirlər ki, ailə üzvlərinin müntəzəm olaraq birlikdə yemək yeməsi daha sağlam qidalanma vərdişlərinin formalaşmasına, emosional bağlılığın güclənməsinə və yeniyetmələr arasında zərərli vərdişlərin azalmasına kömək edir.
Araşdırmada vurğulanır ki, televizora birlikdə baxmaq müəyyən hallarda ortaq fəaliyyət hesab edilsə də, smartfon və planşetlərdən fərdi istifadə ailə üzvlərini eyni masada əyləşsələr belə, bir-birindən uzaqlaşdıra bilər.
Ekspertlər ailələrə ən azı həftədə bir dəfə telefon və digər diqqət yayındıran vasitələri kənara qoyaraq birlikdə yemək yeməyi tövsiyə edirlər. Onların fikrincə, gündə cəmi 5-10 dəqiqəlik səmimi söhbət belə valideynlərlə uşaqlar arasındakı münasibətlərin möhkəmlənməsinə müsbət təsir göstərir.
Tətbiqimizi yükləyə bilərsiniz