
Piyada keçidində mobil cihazlardan istifadə edən şəxslər ciddi təhlükə riski ilə üzləşə bilərlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Injury Prevention” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Araşdırmaya əsasən, smartfonla mesajlaşma piyadaların yol keçmə davranışına ən çox mənfi təsir göstərən amildir.
Tədqiqat ABŞ-nin 20 piyada keçidində aparılıb. Günün müxtəlif saatlarında 1000-dən çox piyadanın davranışı izlənilib və onların yolu keçərkən hərəkətləri sistemli şəkildə qeydə alınıb.
Nəticələr göstərib ki, iştirakçıların təxminən 30 faizi yolu keçərkən telefondan istifadə edib və ya diqqəti yayındıran başqa fəaliyyətlə məşğul olub. Onların 11 faizi musiqi dinləyib, 7 faizi mesajlaşıb, 6 faizi isə telefonla danışıb.
Araşdırmada qeyd olunur ki, musiqi dinləmək riskli davranışları əhəmiyyətli dərəcədə artırmır. Telefonla danışan piyadalar isə yolu keçməyə başlama vaxtını bir qədər gecikdirir və təhlükəsiz keçid imkanlarını qismən azaldır.
Ən yüksək risk isə mesajlaşma zamanı qeydə alınıb. Bu halda piyadalar ətraf mühiti daha az müşahidə edir, diqqətləri zəifləyir və toqquşma riski artır.
Bundan əlavə, mesajlaşan şəxslər yolu keçmək üçün daha çox vaxt sərf edir. Bu isə onların riskli vəziyyətlərlə qarşılaşma ehtimalını artırır.
Tətbiqimizi yükləyə bilərsiniz