“2019-cu ildən işsiz kimi qeydiyyatdayam, hələ işlə təmin olunmamışam”


“2019-cu ildən işsiz kimi qeydiyyatda olmağıma baxmayaraq, bu günədək işlə təmin olunmamışam, şikayətlərim ya cavabsız qalır, ya da ört-basdır edilir”.
Yeniavaz.com xəbər verir ki, bunu redaksiyamıza müraciət edən Goranboy rayon sakini Elsevər Əliyev deyib.
O, Goranboy Rayon Məşğulluq İdarəsinin mütəxəssisi İqbal Teymuroğlu ilə bağlı narazılığını ifadə edərək uzun illərdir işlə təmin olunmadığını bildirib:
“2019-cu ildən işsiz şəxs kimi qeydiyyatda olmağıma baxmayaraq, bu günədək işlə təmin olunmamışam. Bununla bağlı dəfələrlə Goranboy Rayon Məşğulluq İdarəsinin mütəxəssisi İqbal Teymuroğluna müraciət etsəm də, kobud münasibətlə qarşılaşmışam. Mənə “get, kimə istəyirsən, şikayət et”  deyilib və vətəndaş müraciətlərinə etinasız yanaşılıb”.
Elsevər Əliyev müraciətlərinin araşdırılmadan bağlandığını iddia edir:
“Etdiyim çoxsaylı şikayətlərin ört-basdır edildiyini, araşdırılmadan bağlandığını düşünürəm. Hesab edirəm ki, Goranboy Rayon Məşğulluq İdarəsinin mütəxəssisi İqbal Teymuroğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edir, vətəndaşlara qarşı kobud davranır və qanunvericiliyin tələblərinə əməl etmir”.
Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinə sorğu ünvanladıq. Qurumdan Yeniavaz.com-a bildirildi ki, Əliyev Elsevər Mehman oğlu ilə bağlı müraciət araşdırılıb və iddialar təsdiqini tapmayıb:
“Belə ki, Goranboy rayon sakini Əliyev Elsevər Mehman oğlu “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 17.04.2020-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsistemində (ƏMAS) işsiz kimi qeydiyyata alınıb. Vətəndaş 11.02.2022-ci il tarixdə özünüməşğulluq proqramına “Avtotəmizləmə xidmətləri” zərfi üzrə müraciət edib və müvafiq qaydada növbəyə yazılıb. İlkin monitorinqdən sonra onun üçün “özünüməşğulluğun təşkili üçün şərait var” qərarı verilib. Daha sonra vətəndaşın əmək qabiliyyətinin olmadığı müəyyən edildiyi üçün növbəlilikdən kənarlaşdırılıb. Vətəndaş yalnız yaşadığı ərazidə gözətçi işi ilə təmin olunmaq istədiyi üçün ona Goranboy rayon Peşə məktəbində və “MMED LIFE” MMC-də gözətçi işi təklif olunub. Lakin hər iki işəgötürən onun işə qəbulundan imtina edib. Qeyd olunur ki, vakant iş yerlərinə işçi qəbul etmək işəgötürənlərin səlahiyyətindədir və Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu, onların hüququdur. Vətəndaşa peşə hazırlığı kursları da təklif olunub, lakin o, bundan imtina edib. Bununla yanaşı, onun məşğulluğunun təmin olunması üçün aidiyyəti qurum rəhbərləri ilə görüşlər keçirilib, lakin uyğun vakant iş yeri müəyyən edilməyib. Müvafiq vakansiya yarandığı halda köməklik göstəriləcəyi bildirilib. 02.10.2025-ci il tarixdə E.Əliyev atası ilə birlikdə xidmət şöbəsinə müraciət edib. Atası onun əvəzinə özünüməşğulluq proqramına cəlb olunmasını xahiş edib və “özünəxidmət avtoyuma” zərfi üzrə növbəyə yazılıb. Daha sonra zərfin dəyişdirilməsi üçün müraciət edərək “dönərxana” zərfi üzrə növbəyə yazılıb, lakin ilkin monitorinq zamanı təcrübəsinin olmadığı müəyyən edildiyi üçün imtina verilib. Daha sonra ona bacarığına uyğun olaraq “kişi bərbərxanası” zərfi üzrə proqram təklif olunub, lakin bu təklifə hələ cavab verilməyib. Vətəndaşın Goranboy rayon xidmət şöbəsində kobud rəftar və səlahiyyətdən sui-istifadə iddiaları da araşdırılıb və təsdiqini tapmayıb. Bu barədə ona bir neçə dəfə yazılı məlumat təqdim olunub”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top