Balakən sakini şəxsi bildirçin təsərrüfatını qurur

Balakən rayonunun Katex kənd sakini İbrahim Hobolov öz şəxsi bildirçin təsərrüfatını qurur. İbrahim Hobolovun Yeniavaz.com saytına müsahibəsində bildirib ki, əti və yumurtası qida kimi faydalı və şəfalı olan bildirçin həm də yaxşı gəlir gətirə bilər: "Əsas odur ki, bu təsərrüfata can yandırasan. Düzgün qulluq, uyğun qida və lazımi vitaminlərin vaxtlı vaxtında verilməsi vacib amillərdəndir".

Onun sözlərinə görə, ev şəraitində saxlanılan bildirçin yumurta üzərində kürt yatmaq funksiyasını itirdiyindən, cücələr inkubasiya üsulu ilə çıxarılır: "Dükanlarda təklif olunan broyler bildirçinlərindən fərqli olaraq, ev təsərrüfatında yetişdirilən bildirçinlərin əti və yumurtası daha keyfiyyətli olur. Çünki, bildirçin broyler təsərrüfatında 15-20 günə yetişdiyi halda, ev şəraitində bu müddət 2 aya qədər uzanır. Təbii şəraitdə yetişən bildirçin isə həm görünüşünə, həm də dadına görə fərqlənir. Hələlik rayon yerlərində bildirçin əti və yumurtası çox tanınmasa belə, artıq bu qida vasitəsinin öz alıcıları var".

Həcmcə toyuq yumurtasından nə qədər kiçik olsa belə, qida dəyəri baxımından bir bildirçin yumurtası iki toyuq yumurtasına bərabərdir.

Təsərrüfat sahibinin sözlərinə görə, alıcıları əsas ən azyaşlı uşaqların valideynləridir: "Belə ki, bu yumurta həm də müalicəvi əhəmiyyət daşıyır. Nitq qüsurunun aradan qaldırılması və zehni inkişaf etdirmək üçün bildirçin yumurtası faydalı sayılır. Qiymətlərə gəlincə, təsərrüfatda bir yumurta 15-20 qəpiyə, bildirçin özü isə çəkisindən asılı olaraq 1 manat 50 qəpikdən 2 manata qədər alıcılara təklif olunur".

Ruslan Abdulov

DİGƏR XƏBƏRLƏR

Top