Xəzərdə itkin düşən 9 neftçidən yeni xəbər varmı?

Dekabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışları davam edir. Bu barədə Yeniavaz.com saytına Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib. Onun sözlərinə görə, ilk gündən axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz "ROV" sualtı aparatlar quraşdırılan "Məmməd Süleymanov "Təbriz Xəlilbəyli" axtarış - xilasetmə gəmiləri, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməkdədir.

Tural Müseyibov deyib ki, axtarış-xilasetmə əməliyyatları zamanı, uçan estakadaya aid olduğu ehtimal edilən 150 çeşiddən artıq əşya tapılaraq aidiyyəti üzrə təhvil verilib: "Xatırladaq ki, axtarışlar uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə həyata keçirilir".

T. Müseyibov qeyd edib ki, itkin düşən neftçilərin axtarışları tam gücü ilə davam etdirilir, əlavə məlumat olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top