
Braziliya millisinin və “Milan” klubunun keçmiş yarımmüdafiəçisi Ronaldinyo peşəkar futbola qayıdacağını elan edib.
Yeniavaz.com “Sky Sports” telekanalına istinadla xəbər verir ki, əfsanəvi futbolçu İtaliyanın C Seriyasından ”Ravenna” klubu ilə müqavilə imzalayıb.
Telekanalın məlumatına görə, klubun sahibi iş adamı İqnasio Çiprianidir.
“Yeni rənglər, eyni təbəssümlər. Topla rəqs etməyi və İqnasio Çipriani və ailəsi ilə yeni, gözəl bir hekayə yazmağı səbirsizliklə gözləyirəm. Futbol mənim üçün həmişə sevinc olub və “Ravenna”ya bu ruhu gətirdiyim üçün çox şadam. Qoy sehr başlasın”, - Ronaldinyo qeyd edib.
Ronaldinyonun transferinin rəsmi elanının iyunun 23-də Mayamidə baş tutacağı gözlənilir.
Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə Braziliyanın “Fluminense” klubu ilə müqaviləsini ləğv edərək rəsmi olaraq futboldan ayrılıb. Ronaldinyo “Barselona” ilə iki La Liqa və Çempionlar Liqası titulunu qazanıb. O, həmçinin “Pari Sen Jermen”, “Milan”, “Flamengo”, “Atletiko Mineyro” və “Qremio” klublarında da oynayıb. Braziliya milli komandası ilə 2002-ci ildə Dünya Kubokunu, 1999-cu ildə Amerika Kubokunu və 2008-ci il Olimpiya Oyunlarını qazanıb. 2005-ci ildə Fransanın ”France Football” jurnalı tərəfindən dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl Top” mükafatını qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz